Dollar krediti qadağası qüvvədə qaldı

Dollar krediti qadağası qüvvədə qaldı
Qubad İbadoğlu: “Bankları çökdürəcək...”

Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 4 aprel 2016-cı il tarixli qərarını qüvvədə saxlayıb. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.

Eyni zamanda qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir. Qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.

Ekspertlər isə bu qərarın bankları daha da çətin vəziyyətə salacağını iddia edirlər. Onların fikrincə, depozitlərin əksəriyyəti xarici valyutada olduğundan bankların bu vəsaitləri kredit şəklində verməsi üçün qadağa aradan qalxmalıdır.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Qubad İbadoğlu da bildirdi ki, bu qərar bankları iflic vəziyyətinə salıb: “Əgər banklar dollarla kredit verə bilmirlərsə, o zaman yığdıqları vəsaitləri dövriyyəyə salıb gəlir qazana bilmirlər. Azərbaycan banklarının böyük əksəriyyətində depozitlər dollarla olduğu üçün həmin vəsaitləri yerləşdirməyə çətinlik çəkirlər. Bu da bankların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Düzdür, mən əvvəldən dollarla kreditlərin verilməməsinin tərəfdarı idim. Təklif edirdim ki, dollarla kreditlər yalnız xarici valyuta ilə gəlirləri olanlara verilsin. Nəzərə alsaq ki, həm də Azərbaycanda xarici valyuta ilə gəlir qazanan şirkətlər elə də çox deyil. Bu baxımdan bankların həmin şirkətlərlə əməkdaşlıq imkanları da məhduddur. Digər tərəfdən isə dollarla kreditləri idarə etmək çox çətindir. Maliyyə bazarında manatın dollara nisbətdə gerçək məzənnəsi formalaşana qədər istehlakçılar da dollarla kreditlərə maraq göstərməyəcəklər. Bu, bankların mövcud durumunu bir az da ağırlaşdırır. Ancaq nəzərə alsaq ki, dollarla kreditlərin faiz dərəcələrini aşağı eləməklə, o depozitləri yerləşdirmək mümkündür. Əgər Maliyyə Bazarlarına Nəzarət Palatası buna qadağa qoyursa, bu, bankları pis vəziyyətə salacaq”.

Ekspert daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulmasına da münasibət bildirərək qeyd etdi ki, bu, mənzil bazarına da mənfi təsir edəcək: “Bu qərar mənzil bazarında durğunluğa səbəb olacaq. Bazarda maliyə qıtlığının olması mənzillərə tələbatı azaldacaq. Tələbin aşağı düşməsi isə satış imkanlarının azalmasına gətirib çıxaracaq ki, bu da bazarda qiymətlərin ucuzlaşmasını şərtləndirə bilər”.

Qubad İbadoğlunun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu addımı manatın saxlanılmasına heç bir müsbət təsir etməyəcək: “Bazarda dollara tələbatın azalması həm də Neft Fondunun bazara çıxması ilə bağlı idi. Ona görə də Mərkəzi Bankın bazara çıxartdığı vəsaitlərə tələbat yaranmamışdı. Digər tərəfdən, ölkədə geniş mənada manat kütləsinin qıtlığı var. Dollar almaq üçün manat vermək lazımdır və bu manat qıtlığı son nəticədə dollara tələbatı da azaldır. Biz tərəfdən Neft Fondunun bazara vəsait çıxartması bazarda təklifi artırır. Bütövlükdə manatın məzənnəsi ölkənin iqtisadi durumuna bağlıdır. Hazırda iqtisadi vəziyyət ürəkaçan olmadığından manatın məzənnəsinin də tənəzzülü müşahidə olunur. Mərkəzi Bankın tədiyyə balansında mənfi saldo meydana gəlib ki, bu da problemli məsələlərdən biridir”.

Qubad İbadoğlu, ümumiyyətlə, belə qadağaların əleyhinə olduğunu da diqqətə çatdırdı: “İndi daha çox liberallaşmaya üstünlük vermək lazımdır. Mərkəzi Bank problemli kreditlərin sayının artmasını da nəzərə alaraq, bunun xərcini istehlakçıların və biznesin üzərinə qoymamalıdır. Bankların təklif etdiyi valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqi daha vacibdir. Bu qərar isə bankların vəziyyətini daha da pisləşdirəcək”.

Politika.Az



Oxunub: 325


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il