Bank sistemi çökür

Bank sistemi çökür
Akif Nəsirli: “Nəzarət Palatası problemi həll etmək iqtidarında deyil”

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı 17 avqustda ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüşüb. R.Aslanlı Azərbaycan iqtisadiyyatı və bank sektorundakı durum barədə məlumat verib. Həmçinin görüşdə həyata keçirilən nəzarət tədbirləri və yeni trendlər müzakirə edildi. Bank sektorunun ağır vəziyyətdə olduğu heç kimə sirr deyil. Bir il ərzində bağlanan banklar bu sistemin hansı vəziyyətdə olduğunun göstəricisidir. MBNP-nin apardığı işlər, keçirdiyi görüşlər bank sektorunda baş verən problemlərin həllinə nə dərəcədə kömək ola bilər?

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti, iqtisadçıların fikrincə, yetərincə effektli deyil. Çünki Palatanın fəaliyyəti məhdud çevrədə aparılır. Əslində, Palata bütün maliyyə bazarına nəzarət etməlidir. Ancaq MBNP-i öz fəaliyyətini ancaq bank sistemi üzərində qurub. Bu da sığorta, istiqraz, qiymətli kağızlar və digər maliyyə resurlarının nəzarətdən kənarda qalması deməkdir. Yalnız bank sektorunda şəffaflığın təmin olunması iqtisadi artıma gətirib çıxara bilməz. Bunun üçün kompleks tədbirlər planı hazırlanmalıdır və istisnasız olaraq həyata keçirilməlidir. Ancaq MBNP heç bank sistemində də şəffaflığı tam təmin edə bilmir. Bank sektorunda yaranan problemləri həll etmək üçün lisenziyaların ləğv olunması kifayət etmir. Fəaliyyəti dayandırılmayan amma maliyyə çatışmazlığı ilə üz-üzə olan banklar da bağlanmalıdır.

“Cümhuriyət”ə şərhində iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, MBNP-nin fəaliyyətini müəyyən mənada müsbət qiymətləndirmək olar. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası qanunsuz fəaliyyət göstərən bankları aşkarladı və ləğv etdi: “Azərbaycanda bank sisteminin sağlamlaşdırılması istiqamətində ciddi addımların atılması vacibdir. Bu baxımdan, Palatanın son aylarda fəaliyyəti müsbət sayıla bilər.

O mənada ki, bu günə qədər problemlərini gizlədən banklar aşkarlandı. Bu günə qədər Mərkəzi Banka saxta hesabatlar verən və bunun əsasında fəaliyyət göstərən banklar aşkarlandı. Nəticədə də həmin bankların böyük əksəriyyətinin fəaliyyəti dayandırılıb. İl boyu qeyri-qanuni fəaliyyət göstərən, saxta hesabatlara görə bazarda dayanan banklar da müflis elan edilərək sıradan çıxarılacaq. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının xidməti saymaq olar. Palatanan fəaliyyəti ən azı reallıqların bir hissəsini ortaya çıxarır”.

Bank sektorunun inkişafı üçün, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin kifayət etmədiyini deyən ekspert bildirib ki, bunun üçün ilk növbədə siyasi iradə lazımdır: “Onu da qeyd edim ki, Maliyyə Bazarlarına Nəzarət Palatası hər halda dövlət qurumudur. Bu dövlət qurumunun da fəaliyyəti müəyyən mənada dövlətin siyasətilə məhdudlaşır. Ona görə də bank sistemində köklü islahatların aparılması, problemlərin tam olaraq aradan qaldırılması, Azərbaycan bank sektorunda real rəqabətin olması üçün siyasi iradə vacibdir. Siyasi iradə olsa, Maliyyə Bazarlarına Nəzarət Palatası işinin öhdəsindən gəlməsə, başqa bir işlək qurum yaradacaqlar.

Bu da effekt verməsə xarici mütəxəssislər dəvət olunacaq. Bank sektorunun inkişafı üçün yollar çoxdur, sadəcə, siyasi iradə lazımdır. Təkcə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti bu problemləri həll etmək iqtidarında deyil”.

Politika.Az



Oxunub: 1106


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il