Daha bir neçə bank bağlanacaq - iqtisadi zərurət...

Daha bir neçə bank bağlanacaq
Maliyyə Bazarlarına Nəzarət Palatası BVF ilə razılaşmır, ekspertlər isə deyir ki, bankların sayının azalması iqtisadi cəhətdən məqsədəuyğun və gözləniləndir...

Ölkə banklarının durumu kritikləşir. Bu il ərzində ondan artıq bank bağlansa da, hələ son deyil. Əksər ekspertlər bildirirlər ki, ilin sonuna qədər daha bir neçə bank bağlanacaq. Son olaraq isə Beynəlxalq Valyuta Fondu (BVF) açıqlamasında Azərbaycanda bankların bağlanma prosesinin davam edəcəyini qeyd edib.

BVF-nin Direktorlar Şurası 2016-cı il sentyabrın 9-da Azərbaycanın IV maddə üzrə icmalının nəticələrini təsdiq edib. “Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bank sektorunun kredit portfelini qiymətləndirib. Diaqnostika stress-testlər və səyyar yoxlamalardan ibarət olub. Bu qiymətləndirmənin yekunları ilə bağlı hesabatda palata bankları 3 qrupa ayırıb: 1-ci qrupa sistem əhəmiyyətli banklar, 2-ci qrupa bəzilərinin kapital və likvidlik çatışmazlığı ilə üzləşdiyi orta həcmli banklar, 3-cü qrupa MBNP-nin 2016-cı ilin sonunadək bağlamaq niyyətində olduğu kiçik və həyat qabiliyyəti olmayan banklar daxildir”, - deyə hesabatda qeyd olunur. BVF-nin icmalına əsasən, bank sistemi depozitlərinin 22 faizi 3-cü qrupa daxil olan bankların payına düşür.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə Beynəlxalq Valyuta Fondunun hesabatındakı Azərbaycanda bir neçə bankın bağlanacağı barədə məlumata münasibət bildirərək prosesin başa çatdığını açıqlayıb. Palatanın yaydığı açıqlamada bildirilir ki, hazırda heç bir bankın bağlanması gözlənilmir: “Beynəlxalq Valyuta Fondunun bu məlumatı ilə biz də tanışıq. Bu hesabat Fondun iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb. Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağırılmış 2 bankın ləğvetmə prosesin başladıq. Bu proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisenziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”.

Professor Elşad Məmmədov isə musavat.com-a açıqlamasında bildirib ki, bank sektorundakı vəziyyətlə bağlı Beynəlxalq Valyuta Fondunun bəyanatı olmadan da əminliklə bildirmək olar ki, ölkədə bankların sayının azalması iqtisadi cəhətdən məqsədəuyğun və gözləniləndir: “Çünki bank sektoru real sektorla bağlı fəaliyyət göstərməli, ölkədə iqtisadiyyatın inkişafına xidmət etməlidir. Bank sektorunun aşağı faizlə, özü də böyük hissəsi xarici valyutada olması ilə maliyyə resurslarının cəlb edilməsi və sonra istehlak kreditləri kimi real sektora aid olmayan sahələrə, böyük faizlərlə kreditlərin verilməsi iqtisadiyyatın və son nəticədə elə həmin bankların inkişafına xidmət edə bilməz. Bu baxımdan, hesab edirəm ki, ölkədə bankların sayının kəskin şəkildə azalması iqtisadi cəhətdən hətta zəruridir. O ki qaldı aidiyyəti dövlət qurumlarının bu məsələdə bir qədər ehtiyatlı siyasətinə, bunun başlıca səbəbi həmin banklarda olan əmanətlər və digər sosial məzmunlu amillərlə bağlıdır. Ancaq hər bir halda ölkədəki hazırkı iqtisadi vəziyyətdə bankların əvvəlki sayda fəaliyyət göstərməsi qeyri-mümkündür. Düşünürəm ki, bu, makroiqtisadi cəhətdən ölkə iqtisadiyyatına zərərli olması ilə yanaşı, bankların böyük hissəsinin fəaliyyətinin məzmunu ilə bağlıdır. Belə ki, bir çox bankların fəaliyyətinin önəmli hissəsi xarici maliyyə təşkilatlarından xarici valyutada kredit resurslarını cəlb edərək, daxili bazarda kreditlərin xeyli yüksək faizlə satılmasından ibarət idi. Ölkədəki indiki iqtisadi durumda, işgüzar aktivliyin azalması və milli valyutanın zəifləməsi fonunda bu həmin bankların rentabelli olmasını ciddi şəkildə problematik edir. Hesab edirəm ki, əmanətlərin qorunması şərti ilə ölkədə bankların sayı optimallaşdırılmalı və bankların real sektorla uyğunlaşdırılması təmin edilməlidir”.

Politika.Az



Oxunub: 733


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il