“Keçmiş nazir Heydər Babayev də sahibi olduğu banka görə məsuliyyət daşıyır” - Devalvasiya daha da tezləşəcək

“Keçmiş nazir Heydər Babayev də sahibi olduğu banka görə məsuliyyət daşıyır”
İqtisadçı ekspert Əkrəm Həsənov ötən gün lisenziyası ləğv edilən “Bank Standard”la bağlı vəziyyəti şərh edib

Politika.Az xəbər verir ki, ekspert 2003-cü ildə Mərkəzi Bankın “Bank Standard”a 100 mlrd. manat kredit verdiyini xatırladıb:

“İndiki pulla 20 mln. manat edir. İndi də böyük rəqəmdir. Amma 13 il əvvəl lap böyük rəqəm idi. Mərkəzi Bank digər banklara bu məbləğdə kredit vermirdi. Amma əsas heç bu da deyil. Əsas odur ki, kredit 15 il müddətinə və girovsuz verilmişdi. Buna görə də Beynəlxalq Valyuta Fondu (BVF) kəskin etirazını bildirmişdi. BVF hesab edirdi ki, belə kredit sağlam mərkəzi bank təcrübəsinə ziddir, çünki mərkəzi bank uzunmüddətli və girovsuz kreditlər verməməli, hər hansı banka digərləri ilə müqayisədə üstünlük verməməlidir. BVF bunu həmçinin Mərkəzi Bankın PRGF (Yoxsulluğun Azaldılması və İqtisadi Artımın Maliyyələşdirilməsi) üzrə üzərinə götürdüyü öhdəliyin pozulması kimi qiymətləndirmişdi. Rüsvayçılıq idi. BVF-in təpkisi nəticəsində Mərkəzi Bank krediti “Bank Standard”dan geri aldı. Bəli, həmin dövrdə rəsmilərimiz beynəlxalq maliyyə qurumlarından çəkinirdi. Amma sonra pulumuz artdı, onlarla hesablaşmamağa başladıq, sivil fəaliyyətdən uzaqlaşdıq, çağdaş günə düşdük və yenə həmin qurumlarla nəzakətli davranmağa başlamışıq”.



Ekspert qeyd edib ki, azı ötən onillik ərzində Mərkəzi Bank rəhbərliyi özünə yaxın banklara sərfəli şərtlərlə xeyli kredit verib:

“Niyə məhz onlara və niyə sərfəli şərtlərlə – istintaqın predmetidir. Təəssüf ki, digər dövlət qurumlarından fərqli olaraq, Mərkəzi Bank 25 il ərzində bir dəfə olsun belə dövlət orqanları tərəfindən yoxlanılmayıb. Yoxlama olsa, oradan nələrin çıxacağını bir Allah bilir, bir də Elman Rüstəmov… Elman Rüstəmova yaxın banklar üzrə həmçinin bank nəzarəti də bərbad olub. Elə buna görə də həmin banklar kimə (təbii, yaxınlarına) və necə (təbii, ən sərfəli şərtlərlə) gəldi kreditlər veriblər. Adi insanları və sahibkarları isə ağır şərtlərlə kredit bataqlığına salıblar. İndi nə sonuncular kreditləri qaytara bilir, nə də banklara yaxın borclular qaytarmaq istəyir. Buna görə də həmin banklar əmanətləri qaytara bilməyib müflis olurlar. Nəticədə əmanətlər tam sığortalı olduğu üçün onları dövlət qaytarmalı olur. Xalqın sərvəti hesabına… Kimsə bankları talayır, xərcini isə biz ödəyirik”.

Əkrəm Həsənov əlavə edib ki, bu ilin əvvəlində “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul ediləndə qanun qüvvəyə minənədək bütün belə bankların bağlanacağı gözləntisi var idi:

“Çünki əks halda əmanətlərin hamısını qaytarmaq lazım olacaqdı. Lakin Mərkəzi Bank həmin bankların yalnız bir neçəsini bağladı. Niyə? Çünki gözü kölgəlidir bank sahibləri qarşısında, cürət etmədi. Və bu bərbad mirası Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürdü və dedi ki, narahat olma, “sağ” qalan banklarda vəziyyət qənaətbəxşdir. Palata da hamıya bəyan etdi ki, daha heç bir bank bağlanmayacaq. Amma bankları yoxlayanda Palata gördü ki, hətta hesabatları da saxtadır. Nəticədə iyulda 4 bankı da bağlamalı oldu, amma vəd verdi ki, daha bank bağlanmayacaq.

“Bank Standard”ı isə sağlamlaşdırmağa cəhd etdi, çünki Mərkəzi Bank Palataya demişdi ki, burada da vəziyyət normaldır, sadəcə problemli kreditləri qaytarmaq üçün vaxt lazımdır. Amma sonda bəlli oldu ki, vəziyyət “rusca”dır: kreditlərin çoxu batıb, xilas yolu yoxdur. Və bu bankı da bağlamalı oldu. Əlbəttə, Palata prosesi bir az da uzada, vaxt uda bilərdi. Lakin Mərkəzi Bankın “zibili”nin məsuliyyətini üzərinə götürmək istəmədi. Gələn ilə qalsaydı, Mərkəzi Bank deyəcəkdi ki, mənlik deyil artıq, Palatanın işidir. Amma indi bunu deyə bilməyəcək: açıq-aşkardır ki, məhz Mərkəzi Bankın pis nəzarəti sayəsində lisenziyası çoxdan alınmalı olan “Bank Standard” 600 mln. manata yaxın əmanət toplaya bilib. Palatın dünənki qərarı Mərkəzi Bankın məsuliyyətini aşkar etməklə yanaşı həm də cəzadır: sığortalanmış əmanətlər məhz Mərkəzi Bankın hesabına ödəniləcək və onun ehtiyatları daha da azalacaq, bu isə devalvasiyanı daha da tezləşdirəcək.

Palatanın da fəaliyyətində qüsur az deyil, bu barədə vaxtaşırı yazıram. Lakin yeni yaradılmış bu qurum çox çətin şəraitdə işləyir. Üstəlik mane olanlar, səhv məlumatlandıranlar da az deyil. Başda Mərkəzi Bank olmaqla. Dünən yazmışdım ki, konkret “Bank Standard”a görə əsas məsuliyyəti onun sahibi – ən səriştəsiz nazirləmizdən biri olmuş Heydər Babayev daşıyır. Lakin bütövlükdə bank sisteminin darmadağın olduğuna görə məsuliyyət Elman Rüstəmovun üzərindədir. Qeyri-peşəkar və korrupsion bank sistemi onun törəməsidir...”

Politika.Az



Oxunub: 728


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il