Məhkəməyə xərəkdə gətirilən Çovdarov meydan oxudu - “Özüm illərlə qərar çıxarmışam”

Məhkəməyə xərəkdə gətirilən Çovdarov meydan oxudu
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç keçmiş MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib

Politika.Az virtualaz.org-a istinadən xəbər verir ki, iclas təyin olunduğu vaxtda, saat 11:00-da başlamadı. Təqsirləndirilənlərdən məhkəmədə yalnız Akif Əliyev iştirak edirdi. Təqsirləndirilənləri təcridxanadan məhkəməyə gətirən konvoyun rəhbəri bildirdi ki, Akif Çovdarovun vəziyyəti pisdir və yaxın dəqiqələrdə həkimlər onun məhkəməyə gələ bilib-bilməməsi barədə qərar verəcəklər. Hakim Həbib Həsənov bir saatlıq fasilə elan etdi.

Çovdarov gəldi, amma həkimlə

Təyin edilmiş vaxta 10 dəqiqə qalmış Akif Çovdarov və digər təqsirləndirilənlər məhkəmə zalına gətirildilər. Çovdarov məhkəməyə həkim müşayiəti ilə gətirilmişdi. Generalın vəziyyətinin ötən dəfəkindən daha pis olduğu görünürdü.

Hakimin məhkəmə iclasını açıq elan etməsi ilə generalın vəkili Kamandar Nəsibovun ilk vəsatətini səsləndirməsi bir oldu. O, müdafiə etdiyi Çovdarovun ona sözü olduğunu və görüşmək üçün hakimdən 3 dəqiqə vaxt istədiyini bildirdi. Hakim Həbib Həsənov görüşə şəraitin yaradılmasına və buna 5 dəqiqə vaxt ayrılmasına göstəriş verdi,

“Sən oturanı uzanan görürsən?”

Görüşdən qayıdan Kamandar Nəsibov müdafiə etdiyi şəxsin səhhətinin məhkəmədə iştirak etməsinə imkan vermədiyini dedi: “Adamı dörd nəfər sürüyə-sürüyə gətirib. Bu vəziyyətdə o, məhkəmədə iştirak edə bilməz. Xahiş edirəm, məhkəmə buna münasibətini bildirsin”.

Söz alan Akif Çovdarov iclasda iştirak etmək istəmədiyini bildirdi: “Mən məhkəmədə iştirak etmək istəmirəm, halım yoxdur, aclıq eləyirəm. İstəyirsiniz, yazım verim ki, mənsiz keçirilsin məhkəmə”.

“Adam orda uzanıb, belə məhkəmə qarşısında cavab vermək olar?”, – müdafiə etdiyi şəxsin sözünə “qüvvət” verən vəkil Kamandar Nəsibov səsləndi.

Bu yerdə artıq əsəbləri tab gətirməyən zərərçəkmişlərdən biri dilləndi: “Sən oturanı uzanan görürsən? Nə qədər davam edəcək bu oyun?”

Bu “deyişmə”dən sonra söz alan dövlət ittihamçısı hakimdən məhkəmə baxışına başlanmasına qərar verməsini, təqsirləndirilənlərin həbs qətimkan tədbirinin dəyişdirilməməsini xahiş etdi.

Digər vəkillər, zərərçəkmişlər və təqsirləndirilənlər məhkəmə baxışının başlanması barədə qərar verilməsini istədiklərini bildirdilər.

“Yastıq da verin!”

Bu arada Akif Çovdarov hakimə müraciət edərək, otura bilmədiyini və elə qəfəsdəki skamyada uzanmasına icazə verilməsini istədi. Hakim buna etiraz etmədi. Zərərçəkənlərdən birinin replikası yadda qaldı: “Yastıq da verin!”

“Timsahın göz yaşları”

Təqsirləndirilən Səlim Məmmədovun vəkili çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxsin pensiyası verilmir. Vəkilin sözlərinə görə, müvəkkilinin həyat yoldaşı işləmir və dörd uşağı var, gəlir mənbəyi isə yoxdur. Pensiyanın məbləği isə az deyil, 1200 manata yaxındır.

Vəkil bununla bağlı istintaq orqanına və banka dəfələrlə müraciət etdiyini dilə gətirdi.

“Mənə məhkəmə və onun qərarı maraqlı deyil”

Ara-sıra həkim tərəfindən qan təzyiqi ölçülən Akif Çovdarov söz alaraq bildirdi: “Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil. Özüm illərlə qərar çıxarmışam, əvvəllər də “kolon” rəisi işləmişəm. Hər şeyi gözəl bilirəm”.

Müvəkkilinin səhhəti ilə bağlı qaldırdığı məsələyə cavab ala bilməyən vəkil Kamandar Nəsibov isə söz alaraq, məhkəmə heyətinin tərkibinə etiraz etdiyini və bununla bağlı vəsatət vermək istədiyini bildirdi.

Məhkəmə hazırlıq iclasının yekunu və qaldırılmış vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə yollandı.

Məhkəmə baxışı başlayır

Təxminən 2 saatlıq fasilədən sonra hakim Həbib Həsənov məhkəmənin qərarını oxudu və bildirdi ki, vəsatətlərin heç biri təmin olunmur və məhkəmə baxışı noyabrın 14-nə təyin edilir.

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən A.Çovdarovun məhkəməyə gətirilmədiyi elan olunub.

Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, A.Çovdarovun səhhətində ciddi problemlər var: “Hazırda məhkəmədə fasilə elan olunub. Digər təqsirləndirilən şəxslər məhkəməyə gətirsələr də, Akif Çovdarovun səhhətində ciddi problemlər olduğu üçün prosesə gətirilməyib. Hazırda bir neçə həkim onu saxlanıldığı təcridxanada müayinə edir”.

Prosesə 12:30-a qədər fasilə elan olunub.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Politika.Az



Oxunub: 1659


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il