"Eldar Mahmudovun tapşırığına Aşurbəyov kobud cavab verdi" - Çovdarov məhkəmədə danışdı

"Eldar Mahmudovun tapşırığına Aşurbəyov kobud cavab verdi"
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Politika.Az
musavat.com-a istinadən xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Məhkəmədə zərərçəkmiş qismində İlqar Aşurbəyov ifadə verib. O, ləğv edilmiş MTN-nin sabiq əməkdaşı olub.

İlqar Aşurbəyov 1988-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2004-cü ildə MTN-də polkovnik-leytenant rütbəsi ilə xidmətə davam edib. 2009-cu ilə kimi həmin nazirlikdə çalışıb. 2004-cü ilin sonlarında nazirliyin Əks-kəşfiyyat İdarəsinin aviasiya şöbəsinin 2-ci bölməsinin rəisi vəzifəsinə təyin olunub. Həmin dövrdə struktur dəyişikliyi ilə əlaqədar 2008-ci ilin oktyabr ayında Aviasiya idarəsinin rəisi vəzifəsini icra etməyə başlayıb. Xidməti ərazisi isə Bakıda hava limanı olub. 2009-cu ildə sərəncama götürülüb.

İ.Aşurbəyov sərəncama götürülməsini belə izah edib ki, Çovdarovun kürəkəni Rəşad Əmircanov onun idarəsinə təyinat alıb və o, idarədə Çovdarovun kürəkəninə otaq vermədiyi üçün təzyiqlərə məruz qalıb. O deyib ki, Çovdarov ona təzyiq edib və işdən çıxarılmasına nail olub.

Aşurbəyov onu da deyib ki, sonradan Çovdarov ona hədə-qorxu gələrək 300 min manatını alıb.

Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a deyib ki, Aşurbəyov 300 min manatı ailəsi ilə təhdid edildiyi üçün verdiyini bildirib.

Vəkil S.Rəsulov: "Biz ona dəfələrlə sual verdik ki, konkret necə hədələnmisiniz? Nə deyilib sizə? O dedi ki, Çovdarov ona "ailən var" dediyi üçün qorxub və 300 mini verib. Aşurbəyov deyir ki, MTN cinayətkar yuva olub və şikayət etməkdən çəkinib. Biz də soruşduq ki, bəs orada niyə işləyib? Həm də pensiya vaxtı çatana qədər MTN-də işləyib. Çovdarovla münasibətləri pozulandan sonra iki il yarım da orada çalışıb. Ondan soruşduq ki, niyə işdən çıxarılandan sonra heç kimə şikayət etməyib? Aşurbəyovun nazir Eldar Mahmudova çıxış imkanı belə olub. Ancaq niyə şikayət etmədiyini izah edə bilmədi".

Aşurbəyovun ifadəsinə Çovdarov məhkəmədə cavab verib. A.Çovdarov belə deyib: "Mənə nazir Eldar Mahmudov tapşırıq vermişdi. İş Aşurbəyova tapşırılmışdı. O isə kobud cavab verdi. Mən də bunu nazirə məruzə etdim. Buna görə də Aşurbəyov cəzalandırıldı. Bu səbəbdən də Aşurbəyov məndən qisas almaq istəyir".

Məhkəmədə şahid qismində sabiq MTN əçəkdaşı, hazırda DTX-da çalışan idarə rəisi Anar Abidov olub. Abidov zərərçəkənlərdən Tofiq İbrahimovun epizodu üzrə dindirilib.

T.İbrahimov MTN əməkdaşları tərəfindən ondan 62 min manat alındığını deyir.

Vəkil Sadiq Rəsulov: "Zərərçəkən Tofiq İbrahimov pulun 50 min manatını Anar Abidova verib. Ancaq Anar Abidov nə istintaq zamanı, nə də məhkəmədə Tofiqdən pul almadığını deyir. Bu epizod üzrə Çovdarovun təqsiri olduğunu heç kim demir. Biz də bildirdik ki, necə olur, cəlbetmə qərarında göstərilir ki, Tofiqdən 50 min alınıb. Əgər pulu Anar Abidov alıbsa, niyə o məsuliyyətə cəlb edilmir? Əgər almayıblarsa, niyə onlara qarşı bu ittihamlar irəli sürülüb.

Həmçinin məhkəmə zamanı Anar Abidovdan əvvəlki MTN-ə şifahi şəkildə müraciət edən vətəndaşların necə dinlənilməsi, şikayətlərinin necə araşdırılması haqda soruşduq. O dedi ki, vətəndaş şifahi şəkildə olsa belə, şikayət edərsə, o mütləq şəkildə MTN-ə dəvət edilib və dinlənilib. Anar Abidov hazırda DTX-da da vətəndaşların eyni qayda ilə dinlənildiyini dedi. Biz bu sualı ona görə verdik ki, Çovdarov və digərlərinə qarşı ittihamda yazılır ki, onlar şifahi şikayətlər əsasında dinləmə aparıblar, kimlərisə izləyiblər. Ancaq aldığımız cavabdan aydın oldu ki, indi də vətəndaşların şikayəti eyni qayda ilə araşdırılır ".

Çovdarovun digər vəkili Kamandar Nəsibov isə bildirib ki, həbsdə olan generalın səhhəti əvvəlki günlərə nisbətən yaxşıdır və o, müayinə edilməlidir.

Məhkəmədə fasilə elan olunub.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Politika.Az



Oxunub: 976


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il