Böhran “Qırmızı körpü”də: analoqsuz yoxsulluq və manatın ölümü Tiflisə yolları bağladı - ÖZƏL

Böhran “Qırmızı körpü”də: analoqsuz yoxsulluq və manatın ölümü Tiflisə yolları bağladı
Son illərdə minlərlə azərbaycanlı Yeni ili Gürcüstanda qarşılayırdı

Politika.Az-ın müxbirinin verdiyi xəbərə görə,
bu il iqtisadi böhran vətəndaşların cibinə ciddi şəkildə təsir edib.

Bayramı Tbilisi, Bakuriani, Batumi şəhərlərində qeyd edənlərin sayında kəskin azalma müşahidə olunub.

Hər il “Qırmızı körpü” sərhəd qapısında həm piyada keçidi, həm avtomobil zolağında saatlarla növbələr yaranardı.

Amma bu dəfə seyrəklik müşahidə edilib və ötən illə müqayisədə yarıbayarı az soydaşımız Yeni ili Gürcüstanda qeyd edib.

Buna səbəb iqtisadi vəziyyətin ağırlaşması, işsizlik, yoxsulluq, əhalinin gəlirlərinin azalması və xərclərinin çoxalmasıdır.

Politika.Az-ın reportyoru xəbər verib ki, digər tərəfdən manatın devalvasiyası, gürcü larisi ilə təqribən bərabərləşməsi, banklarda dollar qıtlığı azərbaycanlıların büdcəsinə təsir göstərib. Əvvəllər 100 manat 200-230 lari idisə, indi 130-135 laridir.

Üstəlik, qonşu ölkənin iqtisadiyyatında da 40 faiz bahalaşma gedib. Bütün bunlar azərbaycanlıların bayramda Gürcüstana axınının qarşısını alıb.

Məsələn, bu il banklardan dollar almaq mümkün olmadığı üçün bayramda Tiflisə gedənlər manat aparmalı olublar. Bir sözlə, ölkənin orta təbəqəsi sürətlə yoxsullaşıb.

Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir.

Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur.

2017-ci ilə qədər bu prosesin daha ağır xarakter alacağı proqnoz verilir. Hökumət şahiddir ki, xarici şirkətlər də ölkəni tərk edir. İqtisadi böhrana qarşı kompeks tədbirlərin ləngliyi və tormozlanması xalqın həyatına ciddi şəkildə təsir edir.

Politika.Az yada salır ki, 2008-ci ildən iqtisadi dirçəliş ölkədə orta təbəqənin yaranmasına gətirib çıxarmışdı. 2014-cü ilə qədər insanlar işləyirdi, dolanırdı, mülk alırdı, kreditlə müəyyən arzularını həyata keçirirdi, təhsil haqlarını ödəməkdə, toy etməkdə çətinlik çəkmirdi.

Neft pulları əhalinin sosial həyatını yüksəldirdi. Amma dəfələrlə deyilirdi ki, böhran hər an bizi yaxalaya bilər və daxili istehsalatı gücləndirmək, ixracı artırmaq, monopoliyanı ləğv etmək, qeyri-neft sektorunu inkişaf etdirmək mühümdür. Hökumət isə nə iqtisadçıları, nə mütəxəssisləri eşirdi. Və bu arxayınlıq ölkədə ağır iqtisadi vəziyyət yaradıb.

Politika.Az



Oxunub: 5974


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il