Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - Fotolar

Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Ötən ilin noyabr ayında bir ailənin faciəsi ilə nəticələnən yanğının baş verdiyi məcburi köçkünlərin yaşadığı yataqxanadan hələ də digər sakinlər köçürülməyiblər

Ərazidə hər şey əvvəlki halındadır. Nə təmir işləri aparılıb, nə də hansısa bir dəyişiklik yoxdur.

Öncə xatırladaq ki, ötən ilin noyabr ayında Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasında baş verən yanğın qısa zamanda 4 ailənin yaşadığı 97 kvadrat metr əraziyə yayılmışdı.

Dəhşətli yanğın zamanı Füzuli rayonundan məcburi köçkün ailənin üzvləri olan 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, onun həyat yoldaşı, 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları 2005-ci il təvəllüdlü Fərhad Seymur oğlu Babaşov, 2007-ci il təvəllüdlü Elşad Seymur oğlu Babaşov yanaraq həyatlarını itirmişdilər.

Bu gün isə həmin ailənin üzvlərinin ölümündən 40 gün keçir. Ərazidə olduğumuz zaman acı mənzərənin şahidi olduq. Belə ki, ailənin yanaraq həyatlarını itirdikləri otağın yanmış konstruksiyalarının üzərinə qərənfillər səpilmişdi. İki azyaşlı uşağın yanmış meyitinin tapıldığı çarpayının üzərində isə "yolka” qurulmuşdu. Biz ərazidə olduğumuz zaman yanğında həlak olan ailənin qohumları da orada idilər. Öyrəndik ki, Nizami rayon İcra Hakimiyyəti tərəfindən yanğının qurbanı olan ailəyə 40 mərasimi verilir. Elə yarımçıq tikilinin qarşısında çadırlar qurulub, yas mərasimi təşkil olunmuşdu.

Yanğında həlak olan Seymur Babaşovun əmisi oğlu ilə söhbətimiz zamanı o, bildirdi ki, hadisə onları çox sarsıdıb: "Hadisə bizim üçün çox ağır oldu. Bayram ərəfəsində bütün ailəmiz bu xəbərdən sarsıldı. Bir ailə tamamilə yanaraq külə döndü. Çox çətindir. Acımızı bir qədər ovutmaq üçün onların yanaraq öldükləri otağa qərənfil qoyuruq, uşaqların yatdıqları çarpayının yanğından qalan qalıqlarının üzərində "yolka” qurmuşuq. Nə edək? Əlimizdən nə gəlir, axı? Cavan ailə idi”.

Qohumları bildirdilər ki, hadisənin şokundan hələ də ayıla bilməyiblər. Ailəyə hadisədən sonra müvafiq qurumların yardım edib-etməməsinə gəlincə isə söylədilər ki, Nizami rayon İcra Hakimiyyəti onlarla maraqlanır və yas mərasimini də özləri təşkil ediblər.

Bir məsələ də var ki, yanğın baş verən yarımçıq tikilidə hələ də18 ailə yaşayır. Həmin ailələr Füzuli, Ağdam və digər işğal olunmuş rayonların sakinləridir. Söhbətimiz zamanı sakinlər bildirdilər ki, yanğın baş verdikdən sonra müvafiq qurumlar tərəfindən onlara digər yerlərə köçürüləcəkləri ilə bağlı məlumat verilsə də, hələlik hər hansı bir xəbər yoxdur.

Söhbət etdiyimiz yarımçıq binanın sakini Etibar Nəbiyev söylədi ki, yanğın baş verən gün əraziyə gələn Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, bura söküləcək və yeni bina tikiləcək: "Söylədi ki, hazırda burada məskunlaşanlara bina tikilən müddətdə başqa yerdə kirayədə qalmaları üçün ödəniş olunacaq. Bildirdilər ki, binanın tikintisi başa çatdıqdan sonra oradan bizə də mənzil veriləcək”.

Yarımçıq tikili yaşamaq üçün tam yararsız vəziyyətdədir. Binanın üstü yarımçıq olduğu kimi, bünövrəsi də sağlam deyil. 1990-cı illərin əvvəllərindən burada yaşamağa məcbur olan məcburi köçkünlərin bir qismi yarımçıq binanın zirzəmisində yaşayırlar. Bu da onların səhhətləri üçün problemlər yaradır.

Sakinlər bildirdilər ki, hava yağışlı olduğu zaman yaşam şəraitləri bir qədər də pisləşir və nəmişlik əlindən tərpənə bilmirlər. Hündür göydələnlərin ortasında qalan bu yarımçıq tikili təhlükə mənbəyidir. Yarımçıq binaya qaz çəkilməyib, elektrik naqilləri isə olduqca köhnədir.

Elə bir ailənin faciəsi ilə nəticələnən yanğının da məhz qısa qapanmadan baş verdiyi bildirilir. Lakin bütün bunlara baxmayaraq, orada yaşayan 18 ailənin köçürülməsi hələ yubadılır və orada yenidən faciənin törənməyəcəyinə heç kim zəmanət vermir.(musavat.com)

Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub



Politika.Az



Oxunub: 946


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il