Dünya 12:23 13.07.2022

ABŞ - Çin qarşıdurması yeni mərhələyə keçir (ŞƏRH)

ABŞ Prezidenti Co Bayden Honkonqdakı vəziyyətlə əlaqədar Vaşinqtonun Çinə qarşı sanksiyalar rejimini daha bir il uzadıb. Bununla bağlı Ağ Ev bəyanat yayıb. 

Bəyanatda qeyd edilir ki, Honkonqdakı vəziyyət, o cümlədən Çinin Honkonqun muxtariyyətini pozmağa yönəlmiş son hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə yaradır: "Bu səbəbdən, 14 iyul 2020-ci ildə elan edilmiş fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra davam etməlidir. Honkonqdakı vəziyyətə görə fövqəladə rejimi bir il müddətinə uzadıram".

Qeyd edək ki, 2020-ci ilin yayında Çin parlamenti Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun qəbul edib. Qanun terrorizm, separatizm, dövlət quruluşuna zərbə vurmaq, xarici qüvvələrlə sövdələşmə təhlükələrinə qarşı mübarizə məqsədi daşıyır və maksimum cəza kimi ömürlük həbsi nəzərdə tutur. Ağ Ev isə bu qanunvericilik təşəbbüsünü Honkonqun "muxtariyyətinin pozulması” kimi qəbul edib. 

Məsələni Qaynarinfo-ya şərh edən politoloq Turan Rzayevin fikrincə, ABŞ-ın bu sayaq sanksiyalar rejimi Çin üçün öldürücü olmayacaq:



"Hazırda, ABŞ-ın əsas rəqibi nə Rusiya, nə İran, nə də Şimali Koreya deyil. Əsas rəqib Çindir. Pandemiyadan sonra Çin iqtisadiyaytı 2 dəfədən çox artıb. Bu isə ABŞ üçün olduqca təhlükəlidir. Çin iqtisadiyaytının ABŞ iqtisadiyyatını ötməsi təhlükəsi var. ABŞ bu təhlükəni nəzərə alaraq Çinlə daimi olaraq rəqabət aparır. Tayvan, Honkonq məsələlərinin tez-tez aktualaşması, Cənub-Şərqi Asiyada gərginliyin vaxtaşırı artması da bununla bağlıdır”. 

Ekspert bildirir ki, Vaşinqtonun Honkonqa dəstək verməsinin əsas səbəbi müntəzəm olaraq Çinə təzyiq etmək məqsədi daşıyır: 

"Tayvan və Honkonq Amerikanın Çin siyasətində tramplin rolunu oynayır. Bu mənada, ABŞ-la Çin rəqabətinin hətta 50 il sonra belə həll ediləcəyini düşünmürəm. Hətta bu mübarizə gələcəkdə daha da artacaq. ABŞ-ın sanksiyasına gəldikdə, Çin iqtisadiyatı Rusiyadan fərqli olaraq daha sağlam və artıma meyllidir. Düzdür, sanksiyalar bu ölkəyə də müəyyən mənada zərər vurur. Əslində isə Çinə qarşı sanksiyalar ABŞ-a sərf etmir. Çinin bir çox iri şirkətləri ABŞ-da fəaliyyət göstərir. Vaşinqton da həmin şirkətlərə deyil, Çin daxilində fəaliyyət göstərən şirkətlərə sanksiyalar tətbiq edir. Bu da onu göstərir ki, Ağ Evin Çinə qarşı sanksiyalar paketi o qədər də zəngin deyil. Pekin Ukrayna məsələsində Rusiyanın məğlub olmasını istəmir. Çünki, Rusiya məğlub olsa, gələcəkdə ona qarşı olan sanksiyalar Çinə istiqamətlənə bilər. Ona görə də bu senarinin gerçəkləşməməsi üçün Pekin balans siyasəti yürütməyə çalışır. Bir sözlə, Vaşinqtonun sanksiyaları Çin üçün öldürücü olmayacaq. Çünki, Çin qtisadiyaytı Rusiyadan fərqli olaraq inkişaf edir”. 

Rüfət Sultan