Dünya 18:00 09.12.2022

ABŞ filtrasiya düşərgələri, İran pilotsuz uçuş aparatları və seçki saxtakarlığı... - WSJ

Cümə günü Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlamağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” vəziyyətlə tanış olan rəsmilərə istinadən yazır

Yeni tədbirlər əsasən insan hüquqlarının pozulması ilə bağlıdır və Maqnitski qanunu çərçivəsində həyata keçiriləcək. WSJ xəbər verir ki, qara siyahıya daxil olan şəxslər, xüsusən də, Ukrayna vətəndaşlarının işğal olunmuş ərazilərdən aparıldığı filtrasiya düşərgələrinin işinə cavabdeh olan şəxslər olacaq.

Bundan əlavə, sanksiyalar Ukraynadakı hədəflərə hücum etmək üçün istifadə olunan İrandan pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı hərbi-sənaye kompleksinin müəssisələrini əhatə edəcək. Beləliklə, ABŞ Rusiyanın yeni PUA-ların istifadəsinin qarşısını almağa çalışır. Düzdür, İranın hərbi proqramı da ABŞ-ın sanksiyaları altında olmasına baxmayaraq o, Ukrayna müharibəsində mühüm rol oynayan silahların kütləvi istehsalını həyata keçirə bilib. 

Avropa İttifaqı da İranın pilotsuz uçuş aparatlarına qarşı sanksiyalar hazırlayır.

Bununla yanaşı, Birləşmiş Ştatlar Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edəcək, çünki onun hərəkətləri, o cümlədən səsvermənin nəticələrini saxtalaşdırmaqla Putinə 23 il ərzində hakimiyyəti saxlamağa kömək edib.

Nizami Bağırov