Dünya 13.05.2022

Afinanın Ankaraya qarşı təxribatları nədən qaynaqlanır? -  Politoloq

"Türkiyə-Yunanıstan münasibətlərinin gərginləşməsində günahkarlar Afina və "yunan kartı”ndan Ankaraya qarşı istifadə etməyə çalışan havadarlarıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov son zamanlar Afina ilə Ankara arasında yaşanan gərginliyi şərh edərkən deyib:
 
"Yunanıstanın Türkiyəyə qarşı haqsız tələbləri artıq uzun illərdir ki, davam edir. Yunanıstan öz ərazisində yaşayan Qərbi Frakiya türklərinin hüquqlarını uzun illərdir tapdalamaqla məşğuldur. Yunanıstan Avropa İttifaqının üzvü olsa da ölkədəki azsaylı türklərə qarşı demokratiya və insan haqları ilə uzlaşmayan sərt siyasət həyata keçirir. Bütün bunların fonuda Türkiyənin də Qərbi Frakiya türklərinin taleyilə bağlı Afinaya tələblər irəli sürməsi tam təbii qarşılanmalıdır. Digər məsələ Kiprlə bağlıdır ki, Yunanıstan özəlliklə rəsmi Nikosiyanı müxtəlif təxribatlara cəlb etməyə çalışır. Bununla da onların Şimali Kipr Türk Cümhuriyyətilə münasibətlərinin daha da gərginləşdirilməsinə rəvac verir”.

Həmsöhbətimiz qeyd edir ki, yunan siyasi elitası və mediasının gecə-gündüz Türkiyə əleyhinə ritorika səsləndirməsi Afinanın Ankaraya qarşı nə qədər dözümsüz və haqsız olduğunu bir daha ortaya qoyur:
 
"Digər tərəfdən, qırıcı təyyarələrlə bağlı ABŞ Türkiyəyə qarşı haqsızlıqlara yol verir. Hazırda Ankara yeganə NATO ölkəsidir ki, Rusiya-Ukrayna danışıqlarında iştirak edir. Bütün bunları nəzərə alan Vaşinqton NATO çərçivəsində Türkiyəyə qarşı yönəlik haqsızlıqları məcburi olaraq dayandırmaqla müvəqqəti də olsa vadar olub. Buna baxmayaraq qondarma "erməni soyqırımı” məsələsində hələ də Ağ Ev Ankaraya qarşı haqsızlığını davam etdirir. İstənilən halda, Rusiyadan alınan S-400-lərlə bağlı Türkiyəni qınayan ABŞ F-16 savaş təyyarələrini Ankaraya verməklə bağlı nəhayət razılığa gəlib. Bu da Afinanı müəyyən mənada qıcıqlandırır. Onlar Türkiyə ilə dil tapıb normal qonşuluq münasibətlərində yaşamaq əvəzinə, gərginliyi artırmaqla məşğuldur. Onlar F-16 ilə bağlı Co Baydenə təzyiq etməyə çalışır. İstənilən halda, Türkiyə-Yunanıstan münasibətlərinin gərginləşməsində günahkarlar Afina və ondan Ankaraya qarşı istifadə etməyə çalışan havadarlarıdır”.

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?