Dünya 19:07 09.12.2022

Afrikada ilk ölkə Ukraynaya silah tədarükünə qoşuldu

ABŞ Mərakeşi Ukrayna ordusunu T-72 tanklarının ehtiyat hissələri ilə təmin etməyə razı salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Afrika qitəsi ölkələri haqqında məlumat üzrə ixtisaslaşan Fransanın "Afrika İntelligence" nəşri yazıb.

SSRİ-də istehsal olunan T-72 tankları Ukrayna tank qüvvələrinin əsas döyüş maşınıdır. Ukraynada müharibə başlayandan sonra Sovet silahlarına da sahib olan Şərqi Avropa ölkələri həmin tanklarla Kiyevi təchiz etməyə başlayıblar. Belə ki, Polşa Ukraynaya 240 ədəd T-72 tankı göndərərək, onları işlənmiş ABŞ-ın "Abrams”ları ilə əvəz edib və Cənubi Koreyaya yeni tanklar üçün sifariş verib. Çexiya 40-a yaxın tank göndərib. Noyabr ayında Slovakiya Ukraynaya tankların Almaniya maşınları ilə əvəzlənməsi müqabilində göndərilməsinə razılıq verib.

"Le Journal de l'Afrique” yazır ki, Mərakeş və Ukrayna əvvəllər tank məsələlərində münasibət qurublar. Mərakeş ordusunda 1999-2001-ci illərdə Belarusdan alınmış onlarla T-72 var. 2015-ci ilin iyul ayında Ukraynanın dövlət şirkəti "Ukroboronprom" ehtiyat hissələrin alınması üçün Mərakeşə müraciət edib.

Mərakeş mart ayında BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən qətnaməsinin qəbulunda bitərəf qalıb. Noyabrda Mərakeş Rusiyanın Ukraynaya təzminat ödəməsini tələb edən qətnaməyə səs verməyən bir neçə ölkədən biri olub. Bununla belə, krallığın nümayəndələri Almaniyada aprel ayında keçirilən "Ramştayn” toplantısında iştirak ediblər və burada Ukraynaya hərbi yardımın müzakirəsi aparılıb.

"Le Journal de l'Afrique" qeyd edir ki, Ukrayna məsələsində Mərakeş və Qərb ölkələrinin mövqelərinin yaxınlaşmasının nəticəsi ABŞ-la Kiyev arasında T-72-nin ehtiyat hissələrinin tədarükünə dair razılaşma olub. Bundan əlavə, nəşr Mərakeş üçün nəzərdə tutulan silahların artıq Ukraynaya göndərildiyini diqqətə çatdırır: apreldə Fransa Mərakeş üçün nəzərdə tutulmuş "Sezar” toplarının münaqişə zonasına yönləndirib.

Mərakeş hakimiyyəti həm də krallığın limanları vasitəsilə idxal təchizatının qurulmasında Rusiyaya kömək etməyib. Belə ki, Rusiya rəsmiləri və iş adamları Avropa limanlarına əvəz olaraq Kasablankada Rusiyaya göndərilən yüklərin daşınması üçün terminalın tikilməsini, habelə üçüncü ölkələrdən malların alınması məqsədi ilə ticarət evinin yaradılması təklif ediblər.

ABŞ Ukraynanı silahla təmin edə biləcək ölkələrin koalisiyasını genişləndirməyə çalışır. Bir ay əvvəl "The Wall Street Journal" Koreyanın Ukraynaya çatdırılması üçün ABŞ-a 100 min mərmi sata biləcəyini yazıb. 

Nizami Bağırov