Dünya 12:55 10.09.2022

Almaniya XİN rəhbəri elan olunmamış səfərlə Kiyevə gəldi: “Putin elə bilir ki...”

Almaniyanın xarici işlər naziri Annalena Berbok sentyabrın 10-u şənbə günü elan olunmamış səfərlə Kiyevə gəlib. Bu, onun Rusiya Federasiyasının genişmiqyaslı işğalı başlayandan bəri ikinci səfəridir.

Qaynarinfo xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Berbok Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşməyi planlaşdırır, lakin təhlükəsizlik baxımından onun tam proqramı açıqlanmır. Nazirin sözlərinə görə, onun səfərinin məqsədi Almaniyada mövcud olan "müharibə yorğunluğu” ideyasına qarşı çıxmaqdır.

O, həmçinin əmin edir ki, Berlin "lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək – silah təchizatı, habelə humanitar və maliyyə dəstəyi ilə”.

"Mən başa düşürəm ki, Putin bizim Ukraynaya mərhəmət göstərməkdən yorulduğumuza ümid edir. O elə bilir ki, cəmiyyətlərimizi yalanlarla parçalaya, onları qaz təchizatı ilə şantaj edə, bütün dəyərlərimizə qarşı bu qəddar hücumdan qorunmaq üçün enerjimizi bizdən çıxara bilər”, - deyə Berbok bildirib.

Nizami Bağırov