Siyasət 12:18 30.07.2022

Armen Qriqonyanın bəyanatı əhəmiyyətsizdir - Tofiq Zülfüqarov

"Qriqoryanın açıqlaması əhəmiyyətsiz və mənasız bir bəyanatdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə söylədiyi fikrinə münasibət bildirərkən deyib.

"Bu açıqlama əhəmiyyətsiz və mənasızdır. Birinci dəfə deyil ki, erməni tərəfi bu sayaq bəyanatlar verir. Son açıqlama da bu mənada görüntü xarakteri daşıyır. Ona görə də Qriqoryanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə verdiyi açıqlaması da yalandır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tanıyan ölkə öz silahlı birləşmələrini digər ölkə ərazisində saxlamaz, separatçıları maliyyələşdirməz”, deyə sabiq XİN başçısı bildirib.

Qriqoryanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı dediyi sözlərə gəldikdə, T. Zülfüqarov bildirir ki, bu, Azərbaycan tərəfini o qədər də maraqlandırmır:

"Çünki bu texniki prosesdir. Öncə sülh sazişi olmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanımırsa, delimitasiya və demarkasiya prosesində İrəvanın yeganə məqsədi odur ki, iki ölkə arasında sovet zamanında olan sərhələrin Bakının tanımasına nail olsun. Özləri isə Azərbaycanın ərazi bütövlüyünü tanımırlar”.

Rüfət Sultan