Ölkə 14:37 16.09.2022

Azərbaycan həmin anti-siyasi qüvvələr üçün münasib məkan deyil... - Deputat

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)

İctimai və milli maraqların təmin olunması ölkəmizdə prioritet məsələlərdən biri hesab olunur. Azərbaycanda həyata keçirilən bütün islahatlar dövlət maraqlarının daha güclü qorunmasına xidmət edir. Müasir texnologiyaların inkişaf etdiyi bir cəmiyyətdə ictimai və dövlət maraqları necə qorunmalıdır? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Milli Məclisin üzvü Elman Nəsirov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər bir vətəndaş şəxsi maraqlarını kənara qoyub, ilk növbədə milli dövlət maraqlarını üstün tutmalıdır:

"Dövlət və milli maraqlar hər şeydən üstün olmalıdır. Belə olan vəziyyətdə dövlətimiz və dövlətçilik möhkəmlənir. Əgər əksi olarsa, yəni şəxsi maraqlar dövlət maraqlarını üstələyərsə, həmin cəmiyyət qeyri-sabit olur, ədalət prinsipi pozulur. Nəticədə həmin cəmiyyətlərdə siyasi qarşıdurma və vətəndaş həmrəyliyinin pozulması üçün münbit şərait yaranır. Müasir Azərbaycan dövlətinin əsasını Heydər Əliyev qoyub. Onun yaratdığı dövlətdə ilk növbədə ədalət prinsipinə xüsusi diqqət yetirilir. Heydər Əliyevin sözləridir: "Ədalətin olmadığı yerdə heç nə yoxdur”. Belə olan vəziyyətdə məhz bu siyasəti həyata keçirən Azərbaycan dövləti sabitdir. Azərbaycan dövlətində səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi hökm sürür. Heydər Əliyevin siyasətini də İlham Əliyev həyata keçirir. Həmin siyasətin sayəsində bu gün Azərbaycanda güclü bir siyasi ideologiya formalaşıb. Eyni zamanda bu siyasətin nəticəsidir ki, biz ikinci Qarabağ müharibəsindən də şərəflə çıxdıq”.



Elman Nəsirovun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin səbəblərindən biri sabit cəmiyyətin olmasıdır:

"Azərbaycanda xalq və hakimiyyət birliyi var. Xalq öz prezidenti ətrafında sıx, monolit birlik nümayiş etdirir və bu bizi güclü edir. Eyni zamanda bundan müəyyən beynəlxalq anti-Azərbaycan siyasi qüvvələr də çox narahat olur və çalışırlar ki, bu həmrəyliyi pozsunlar. Bu yolla həm də istəyirlər Azərbaycanda dövlət və ictimai maraqlar gölgədə qalsın və digər maraqlar ön plana keçsin. Çünki belə cəmiyyətləri idarə etmək çox asandır. Amma bu baxımdan Azərbaycan həmin anti-siyasi qüvvələr üçün uyğun, münasib məkan deyil. Əgər kimlərsə bu coğrafiyaya keçmək istəyirsə, yalnış yoldadırlar, səhv addım atır. Azərbaycan belə təcrübələr üçün məkan deyil”.

Deputat deyir ki, Azərbaycan bu gün öz yolu ilə gedir:

"Biz öz dövlət və milli maraqlarımızı hər şeydən üstün tuturuq. İlk növbədə müstəqil və milli maraqlara söykənən siyasəti həyata keçiririk. Bu bizi güclü edir və eyni zamanda əlehdarlarımızı da narahat edən əsas amillərdən biridir”.

Elman Nəsirovun fikirincə, ictimai və dövlət maraqları zəif olanda şəxsi maraqlar ön plana keçir:

"Şəxsi maraqlar ön plana keçəndə ədalət prinsipi pozulur və cəmiyyətdə natamamlıq kompleksi yaranır, ictimai narazılıq üçün münbit şərait formalaşır, vətəndaş həmrəyliyi pozulur, səfərbər olunmuş cəmiyyət dağılır. Nəticədə belə ölkələrdə inqilabı proseslər üçün münbüt şərait yaradır. İnqilablar isə heç kimə fayda gətirməyib. İnqilabların olduğu ölkələrə baxaq, onların hamısı on illiklərlə geri atılıb və onların hansı taleyi yaşaması hər kəsin gözü qarşısındadır. Biz sabit cəmiyyətdə maraqlıyıq. Ona görə də bu yol ilk növbədə ictimai və dövlət maraqlarının müdafiəsindən, ədalət prinsipindən keçir. Bu da dövləti güclü edən əsas amildir”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.