Ölkə 19:42 20.07.2022

Azərbaycana 4 yeni "Boeing 787 Dreamliner" gətiriləcək (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən növ hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.

"AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkətdir. Hazırda aviaşirkətimizdə bu tip iki layner istismar edilir. Aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsi "Azərbaycan Hava Yolları”nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcək”, - deyə AZAL prezidenti Cahangir Əsgərov qeyd edib.

"Bugünki saziş bütün dünyada müşahidə etdiyimiz səyahətə artan tələbatı təmin etmək üçün hava gəmiləri parkını yeniləyən "Azərbaycan Hava Yolları” aviaşirkəti ilə uzunmüddətli əməkdaşlığımızın davamıdır. "Boeing-787" hava gəmiləri hava daşımaları bazarının tənəzzülü zamanı dünya aviaşirkətləri tərəfindən digər genişfüzelyajlı təyyarələrlə müqayisədə daha fəal istismar olunmuşdur. Biz bu tip hava gəmisinin imkanları və xüsusiyyətlərinə arxayınıq”, - deyə "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil bildirib.

Qeyd edək ki, Farnboro Beynəlxalq Aviasiya Şousu ("Farnborough International Airshow" (FIA)) Farnboro hava limanı ərazisində iki ildən bir keçirilir. Bu tədbir aerokosmik avadanlıq və texnologiyalar sahəsində ən mühüm ümumdünya platformasıdır. 2016-cı ildə FİA dünyanın ən böyük aviakosmik sənayesi sərgisi statusunu qazanmışdır. FİA-da, ümumilikdə, 80 mindən çox ziyarətçinin, təxminən 1500 aviakosmik sənaye mütəxəssisinin iştirakı gözlənilir.