Dünya 14:46 29.06.2022

Bayden  NATO-nun yeni strategiyasını açıqladı

ABŞ Rusiyadan gələn təhdidlərə cavab olaraq Polşada yeni daimi ordu qərargahı  da daxil olmaqla, bütün Avropada qüvvə və texnikasını gücləndirəcək.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co  Bayden bəyanat verib. Madriddə keçirilən NATO sammitində Bayden Atlantik alyansının öz ərazisinin "hər qarışını" müdafiə etmək öhdəliyini ifadə edib

NATO-nun baş katibi Yens Stoltenberqlə görüşün əvvəlində o, jurnalistlərə deyib:  "Birimizə qarşı hücum hamıya qarşı hücumdur deyəndə biz bunu nəzərdə tuturuq”. "Əvvəllər bitərəf dövlətlər olan Finlandiya və İsveçin alyansa daxil olmaq üçün atacağı addımlar NATO-nu daha güclü və onun bütün üzvlərini daha təhlükəsiz edəcək”, - o deyib. C. Bayden əlavə edib ki, "biz aydın mesaj göndəririk ki, NATO güclüdür, vahiddir və bu sammit zamanı atdığımız addımlar kollektiv gücümüzü daha da artıracaq”.

ABŞ prezidneti bildirib ki, Vaşinqton İspaniyanın Rota şəhərində yerləşən ABŞ döyüş gəmilərinin sayını dörddən altıya çatdırmaq üçün İspaniya ilə işləyəcək və Britaniyaya əlavə iki F-35 eskadrilya göndərəcək.

O, həmçinin Polşa, Rumıniya, Baltikyanı ölkələr və Avropadakı digər bazalarda ABŞ qüvvələrinin, hava hücumundan müdafiə vasitələrinin və digər silahların sayını artırmağa davam edəcək dəyişiklikləri qeyd edib.

"Biz əmin olacağıq ki, NATO hər sahədə bütün istiqamətlərdən gələn təhdidlərə cavab verməyə hazırdır. ...Biz sübut edirik ki, NATO indi həmişə olduğundan daha çox lazımdır", - Bayden deyib. 

Nurlan Hüseynov