Dünya 16:54 24.05.2022

Bayden Tokioda ikən Rusiya nüvə bombardmançıları Yapon dənizi üzərində uçdu

Co Bayden Tokioda keçirilən Quad sammitində olduğu vaxt Çin və Rusiyanın strateji bombardmançı təyyarələri Yapon dənizi üzərində uçub.

Qaynarinfo "Financial Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə Amerika və Yapon rəsmiləri bildirib. 

Rəsmilərin bildirdiyinə görə, ABŞ prezidenti Yaponiya, Avstraliya və Hindistandan olan həmkarları ilə görüşərkən nüvə silahına malik bombardmançı təyyarələr Yapon dənizi üzərində başlayan birgə hərbi təlim keçirib.

Təlim göstərir ki, Rusiya Ukraynaya qarşı qəddarlıq etdiyi vaxtda, Çin Hind-Sakit okean regionunda Rusiya ilə hərbi əməkdaşlığını davam etdirir. Bu, həm də onu göstərir ki, Rusiya Şərq və Cənubi Çin dənizlərində digər Hind-Sakit okean dövlətləri ilə deyil, Çinin yanında olacaq”, - deyə ABŞ rəsmisi bildirib.

Yaponiyanın müdafiə naziri Nobuo Kişi təlimi "təxribat” kimi qınayıb və onu "qəbuledilməz” adlandırıb. Müdafiə Nazirliyinin məlumatına görə, bombardmançı təyyarələr Yaponiya hava məkanına heç bir müdaxilə etməyib.

Rusiya və Çin 2019, 2020 və 2021-ci illərdə Yapon dənizi üzərində birgə nüvə bombardmançı təlimləri keçiriblər, lakin çərşənbə axşamı günü həyata keçirilən uçuş ABŞ prezidentinin regionda olduğu vaxt həyata keçirilən ilk belə bir manevr olub.

Nurlan Hüseynov