Dünya 15:20 23.09.2022

Berluskoni İtaliyada seçkilər ərəfəsində Rusiyaya haqq qazandırdı

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ölkəsində keçirilən seçkilər ərəfəsində Rusiyanın Ukraynaya hücumuna və Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə haqq qazandırıb.

Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.

Kreml rəhbəri ilə dostluq münasibətləri olan Berluskoni deyib ki, Putin Ukraynaya qarşı müharibəyə "sövq edilib”:

"Putini Rusiya əhalisi, partiyası və nazirləri bu xüsusi əməliyyata getməyə məcbur etdi”. 

Rusiya prezidentinin dostu hesab edir ki, hücuma səbəb Ukraynanın şərqində rusdilli əhalinin məhv edilməsini göstərən təbliğat olub. Berluskoninin fikrincə, rus qoşunları Ukrayna hökumətini "layiqli adamlarla” əvəz etməli idi.

"Qoşunlar daxil olmalı, bir həftəyə Kiyevə çatmalı, Zelenski hökumətini layiqli adamlarla əvəz etməli və bir həftə sonra geri qayıtmalı idilər. Bunun əvəzinə onlar sonradan Qərbdən gələn hər cür silahla güclənən gözlənilməz müqavimətlə qarşılaşdılar", - italyan siyasətçi bildirib. 

Qeyd edək ki, texnokrat Mario Draqinin hökuməti istefaya gedəndən sonra bazar günü, sentyabrın 25-də İtaliyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Sağçı koalisiyada Berluskoninin partiyasının səs çoxluğu əldə edəcəyi gözlənilir.

Nizami Bağırov