İdman 20:38 09.12.2022

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar ilk dəfə Azərbaycana gəliblər

Azərbaycan əsilli Böyük Britaniyanın gimnastika komandasının liderləri Cessika və Cennifer Qədirovlar ilk dəfə Azərbaycana gəliblər.

Onlar Şəkidə milli federasiyanın yenidən təşkilinin 20 illiyinə həsr olunmuş gimnastika növləri üzrə vahid yarışlar çərçivəsində Qala şouda iştirak ediblər.

İdmançılar ölkəyə gəlişlərindən sevinclərini gizlətməyib, təəssüratlarını media ilə bölüşüblər.

"Burada olmaq əslində çox həyəcanlıdır. Bakıya gəldik, baba və nənələrimizlə  görüşdük, sonra Şəkiyə getdik. Biz həmişə tarixi vətənimizi ziyarət etmək istəmişik. Səfər çox emosional keçir. Qala-şou heyrətamiz atmosferdədir. Öz nömrələrini nümayiş etdirən digər həmkarlarımız ilə birlikdə çıxış etmək çox xoşdur”, - deyə Cennifer bildirib.

İdmançılar onu da əlavə ediblər ki, artıq yeni mövsümün hazırlıqlarına başlayıblar və ola bilsin ki, Bakıda keçiriləcək dünya çempionatında çıxış edəcəklər.