Dünya 13:07 21.09.2022

Borreldən Rusiyanın Ukraynada ilhaq referendumlarına sərt cavab

Avropa İttifaqı Donbas, Xerson və Zaporojyenin Rusiya tərəfindən ilhaqını tanımır və buna görə Moskvaya qarşı yeni sanksiyalarla cavab verəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv” yazır.

Qondarma "DXR” və "LXR”, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğalçı hakimiyyət orqanları sentyabrın 23-dən 27-dək Rusiyanın tərkibinə daxil olmaq üçün "referendum” keçirməyi planlaşdırdıqlarını açıqlayıblar. Aİ səsvermənin həm Ukrayna qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından qeyri-qanuni olacağını vurğulayır.

"Bu qeyri-qanuni "səsvermələr” heç bir halda Rusiyanın daimi hərbi təhdid və hədəsi altında olan bu bölgələrdə yaşayan insanların azad iradəsi kimi qəbul edilə bilməz”, - Aİ diplomatı Cosep Borrell bildirib.

O, Ukraynada "referendum” və digər beynəlxalq hüququn pozulmasında iştirak edənlərin hamısını məsuliyyətə cəlb edəcəyinə söz verib. Borrell Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər barədə də xəbərdarlıq edib.

Nizami Bağırov