Dünya 12:34 11.08.2022

Britaniya Ukraynaya daha bir jest: üç ədəd M270 təhvil verilir

Böyük Britaniya daha üç ədəd M270 reaktiv yaylım atəş sistemini və onların sursatını Ukraynaya təhvil vermək qərarına gəlib. 

Qaynarinfo xəbər verir ki, bunu BBC-nin şərhində Böyük Britaniyanın Müdafiə nazirliyinin rəhbəri Ben Uolles deyib.

Böyük Britaniya daha əvvəl üç analoji sistem təqdim etmişdi. Onlar Ukraynaya iyulun 14-də çatıb. Bu sistemlər, ABŞ-ın HIMARS sistemləri ilə eyni yüksək dəqiqlikli idarə olunan raketlərdən (M31A1) istifadə edir. Onlar 80 kilometrə qədər məsafədə yerləşən hədəfləri dəqiqliklə məhv etmə və bir dəqiqə ərzində 12 "yer-yer" raketi buraxmaq qabiliyyətindədir. 

Uolles qeyd edib ki, Britaniya Ukrayna ordusunun artıq ona verilmiş M270-lərdən necə istifadə etməsindən "çox məmnundur”. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hədəfləri diqqətlə seçir və döyüş sursatı israf etmir. Uolles əlavə edib ki, bu, Ukraynanın köhnə Sovet dövründən qalma silahlardan müasir NATO silahlarına keçidinin bir hissəsidir.

"Davamlı dəstəyimiz çox aydın mesaj verir: Britaniya və beynəlxalq ictimaiyyət bu qeyri-qanuni müharibəyə qarşıdır və Ukraynayla Putinin işğalından müdafiə etmək üçün müdafiə xarakterli hərbi yardım göstərməkdə birlikdə olacaq”, - Uolles bildirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi həmçinin xatırladıb ki, ölkə artıq Ukraynaya 2,3 milyard funt sterlinq dəyərində hərbi yardım edib və Kiyevə 6900-dən çox tank əleyhinə raket, 120 zirehli döyüş maşını, "Starstreak” zenit qurğyları olan 6 "Stormer” zirehli maşın və onlar üçün raket, 16 mindən çox mərmi, eləcə də digər silah, sursat və texnika hədiyyə verib.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi yeni HIMARS ssitemlərinin Ukraynaya göndərilməsini dayandırmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. Nazir müavini Kolin Kahl izah edib ki, hələlik 16 ədəd kifayətdir. "Bunların nümayiş etdirdikləri nəticələrə nail olmaq üçün yüzlərlə sistem tələb edilmir. Bunlar çox konkret hədəfləri vurmaq üçün lazım olan dəqiq sistemləridir və ukraynalılar onlardan bu şəkildə istifadə edirlər", - Kahl izah edib.

Nizami Bağırov