Dünya 16:31 07.07.2022

Britaniyanın Tehrandakı səfiri diplomatın həbsini təkzib etdi

Britaniyanın Tehrandakı səfiri Saymon Şerkliff İran Radio və Televiziyasının britaniyalı diplomatın həbsi ilə bağlı iddiasını təkzib edib.

Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.

Səfir İran İslam Respublikası Radio və Televiziyasının xəbərini rədd edərək bildirib ki, adıçəkilən ingilis diplomat öz missiyasını başa vurduqdan sonra, təxminən 8 ay əvvəl İranı tərk edib.

Dünən İran televiziyasının yaydığı xəbərə görə, Cayles Vitaker adlı britaniyalı diplomat Şəhdad səhrasının qadağan olunmuş ərazisindən torpaq nümunələri götürərkən həbs edilib.

Böyük Britaniya Xarici İşlər Nazirliyi xəbərə ilk reaksiyasında bu diplomata qarşı casusluq ittihamını "tamamilə yalan” adlandırıb.

Bu gün Britaniya səfiri "Twitter" hesabında yazıb: "Səfir müavinimizin hazırda həbsdə olması ilə bağlı bu xəbərlər gülüncdür. O, ötən ilin dekabrında missiyasının sonunda İranı tərk edib”.

Aydın