Dünya 16:22 07.07.2022

Britaniyanın yeni baş naziri kim olacaq? - "Bloomberg" iddiaçıları açıqladı

Böyük Britaniyanın baş naziri Boris Consonun istefasından sonra onu əvəzləyəcək aşkar favorit yoxdur, lakin indiki hökumət üzvlərindən biri bu vəzifəni tuta bilər.

Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.

Nəşr Britaniyanın baş naziri postuna səkkiz əsas namizədin olduğunu bildirir.

Liz Trass



Xarici işlər naziri Liz Trass Böyük Britaniyanın Rusiyanın Ukraynadakı müharibəsinə reaksiyasında görkəmli fiqur olub və hazırda Aİ ilə Brexit sonrası münasibətlərə dair danışıqlar aparır. Bundan əvvəl Trass bir çox dövlətlərlə ticarət müqavilələri bağlayaraq Beynəlxalq ticarət naziri kimi populyarlığını möhkəmləndirmişdi.

Nadim Zəhavi


 
Peyvənd məsələləri üzrə naziri olaraq Zəhavi, Böyük Britaniyada COVID-19 peyvəndlərinin tətbiqinə uğurla nəzarət edib və bunun nəticəsi olaraq o, Təhsil naziri vəzifəsinə yüksəlib.

Consona sadiqliyi Zəhavini partiyaya rəhbərlik etmək şansını azaldır, lakin bir çoxları ona arxalanır. 

Rişi Sunak


 
Pandemiya zamanı hökumətin müəssisələrə və işçilərə kömək etmək üçün on milyardlarla funt sterlinq ayırması Sunakın populyarlığının yüksəlməsinə səbəb oldu. 

Sunak Consonun yerinə favorit kimi baxılır ki, bu da onun siyasətin təfərrüatlarına yaxşı bələd olan Tori partiyasının ən təcrübəli siyasilərdən biri sayılması ilə izah olunur.

Ben Uolles



Müdafiə naziri Ben Uolles 2005-ci ildə parlamentə daxil olub, əvvəllər Şotlandiya parlamentində çalışıb. 2008-ci ildə o, deputatların xərcləmələrində şəffaflıq kampaniyasındakı fəaliyyətinə görə mükafat alıb. 2015-ci ildən kiçik nazir olub, Conson təyin edildikdən sonra Müdafiə Departamentinin rəhbəri vəzifəsini icra edib.

Sacid Cavid


 
Keçmiş səhiyyə naziri Sacid Cavid, altı hökumət departamentinə rəhbərlik edən digər təcrübəli kabinet naziridir.

Penni Mordaunt



Tori partiyasının üzvləri arasında ən populyar parlament üzvlərindən biridir. Mordaunt hazırda ticarət naziridir. Partiyada o, xarizması və yaxşı liderlik keyfiyyətləri ilə "Brexit”in güclü tərəfdarı hesab olunur.

Ceremi Hant


 
Hant Devid Kemeron və Tereza Meyin rəhbərliyi altında Milli Səhiyyə Xidmətinə rəhbərlik edib. O, 2016-cı ildə keçirilən referendum zamanı Avropa İttifaqında qalmağı müdafiə edib.

Tom Tugendhat


 
Tom Tugendhat parlamentin xarici əlaqələr komitəsinə rəhbərlik edir. O, artıq liderlik uğrunda istənilən müsabiqədə iştirak edəcəyini açıqlayıb.

İlk dəfə 2015-ci ildə seçilən Tugendhat Böyük Britaniyanın Aİ-də qalması ideyasını dəstəkləyib, lakin o vaxtdan bəri ölkənin irəliləməsinin lazım olduğunu söyləyir. O, Consonun tənqidçisidir və tez-tez xarici siyasət məsələlərində, xüsusən də Çinə qarşı sərt mövqe tutmağın zəruriliyindən danışır.

Xatırladaq ki, bu gün Britaniyanın Baş naziri Boris Conson vəzifəsindən və Mühafizakarlar Partiyasının rəhbərliyindən istefa verdiyi açıqlayıb

Nizami Bağırov