Dünya 18:57 08.08.2022

Bu onların şəxsi həyatı ilə bağlıdır - Ermənistan MTX

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Daşnaksütyun nümayəndələrinin ölkəyə girişinə qadağa qoyulmasının səbəblərini açıqlamaqdan bir daha imtina edib. Qurum bunun onların "şəxsi həyatına” aid məsələ olmasına işarə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Avqustun 1-də hüquq-mühafizə orqanları Daşnaksütyun partiyasının Niderlanddakı "Hay Dat” ofisinin rəhbəri Masis Abramyanın Ermənistana girişinə qadağa qoyub. İyulun 31-də onun qızı, qurumun gənclər qanadının nümayəndəsi Süne Abramyanın da ölkəyə girişinə qadağa qoyulub.

"Sizin sorğuladığınız məlumat Masis Abrahamyanın və Süne Abramyanın şəxsi həyatına aiddir, ona görə də "İnformasiya azadlığı haqqında” qanunun tələbinə əsasən, bu məlumat verilə bilməz”, deyə Milli Təhlükəsizlik Xidmətindən "Sputnik Armenia"nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, iyulun 13-də Fransanın erməni təşkilatlarının əlaqələndirmə şurasının həmsədri, Daşnaksütyun Bürosunun üzvü Murad Papazyanın Ermənistana girişi qadağan edilib. MTX bunu da "şəxsi həyat" məsələsi ilə əlaqələndirib.

Aydın