Amal Abuşov
İdman 13.05.2022

“Cinayətiniz” məğlubiyyətinizdi, Samir bəy

Luçano Spalettini tanıyırsız. 63 yaşlı italyan mütəxəssis bir çox uğurlar qazanıb, adından söz etdirməyi bacarıb. Gələn il onun məşqçiliyə başlamasının düz 30 ili tamam olur. Spaletti əsasən "Roma”dakı uğurları ilə məşhurlaşsa da, onun Sankt-Peterburq "Zenit”indəki işidə xeyli yaddaqalandı. "Zenit” Spalettinin rəhbərliyi altında iki dəfə Rusiya çempionu olub, avrokuboklarda adından söz etdirə bilib. 63 yaşlı Spaletti hazırda "Napoli”ni çalışdırır. Nədənsə neapollu fanatların ondan xoşu gəlmir, onlar Luçanonun komandadan getməsini arzulayırlar. Rəhbərlik isə bu mövzuda azarkeşlərlə həmfikir deyil, komandaya Çempionlar Liqasına vəsiqə qazandıran çalışdırıcı ilə yola davam edəcəklərini bildiriblər. Bu yerdə bir məqamı xatırladım ki, "Napoli” hazırda İtaliya A seriyasında 3-cü pilləni tutur.

Bütün bunları ona görə yazıram ki, Spaletti ilə bağlı çox maraqlı hadisə baş verib. Fanatlar onun istefa verməsi üçün qəribə üsula əl atıblar. Belə ki, çalışdırıcının "Fiat Panda” markalı maşını ötən ilin oktyabrında Neapolda yaşadığı otelin qarşısından oğurlanıb. Sonra isə stadionun önündə oğurluğun baş verdiyi tarixin qeyd olunduğu banner asılıb. Orda yazılıb ki, "Spaletti, getsən, maşınını qaytaracağıq!” Düzdü, fanatların bu əməlində cinayət tərkibi var, kiminsə malını oğurlamaq yaxşı hərəkət deyil. Amma razılaşaq ki, "Napoli”nin fanatları yetərincə maraqlı təsir vasitəsi seçiblər. Bununla onlar həm məşqçiyə, həm də klub rəhbərlərinə öz istəklərində nə qədər ciddi olduqlarını göstərirlər. Bu banner həm də o deməkdi ki, fanatların məqsədi oğurluq etmək yox, Spalettini yola salmaqdı. İtaliyada futbolun necə sevilməsi, fanatların klublara, mütəxəssislərə təsiri bəlli məsələdi.

Belə bir hadisənin bizdə baş verəcəyini təsəvvür edirsizmi? Əlbəttə ki, yox. Azərbaycanda hansısa məşqçinin maşınını oğurlamaq yox, ona etiraz bildirmək, onu istefaya çağırmaq belə cinayətə bərabər tutulur. "Qəbələ”ylə oyundan sonra "Neftçi”nin azarkeşləri komandanın baş məşqçisi Samir Abasovu istefaya çağırıblar. Gözünə döndüyüm Samir bəy də yumub gözünü, açıb ağzını. Fanatları mövqeyi olmayan insanlar adlandırıb, onları boş verməyin lazım olduğunu söyləyib. Düzdü, "CBC Sport” telekanalının əməkdaşı məğlubiyyətin üzüntüsünü yaşayan, fanatların təzyiqindən təngə gələn çalışdırıcıya oyundan dərhal sonra belə sual verməklə birbalaca təxribat törədib. Onsuz da hamımız Abasovun xarakterini bilirik. O cümlədən də telekenalın Qəbələyə ezam etdiyi həmkarımız. Samir bəyin günahı ondadı ki, sualın cavabında tədbirli davranmayıb, əksinə, aqressiv ifadələrlə odun üstünə lap benzin töküb.

Çətin ki, bundan sonra "Neftçi”nin fanatları ilə Samir bəyin münasibətləri düzəlsin. Çalışdırıcı dünən klubun televiziyasına açıqlama verib, sözlərini bir qədər malalamağa da çalışıb. Amma necə deyərlər, qatar artıq gedib. Heç düşünmürəm ki, Abasov sözlərindən çox da peşmandı. Bu ifadələrlə adam həm də mövsüm ərzində ürəyində yığılıb qalan qəzəbini nümayiş etdirib. Türklər belə yerdə incəldiyi yerdən qopsun deyərlər. Nə fanatları qınayıram, nə də Samir bəyi. İki tərəfin ikisi də etdiyini edib. Mənim sözümün canı başqadı. Samir bəyin ən böyük "cinayəti” işlətdiyi bu ifadələr deyil, "Neftçi”nin məğlubuyyətləridi. Bəli, çempionatda 2-ci olmaq da pis nəticə deyil. "”Neftçi”nin Qarabağ”dan geri qalmasını da təbii qarşılamaq lazımdı. Di gəl ki, "Neftçi” təkcə "Qarabağ”a uduzmayıb axı. Ölkə kubokunun finalına gedən yolda "Zirə” əngəli aşılmadı. Çempionatdakı 6 yenilginin isə yalnız üçü "Qarabağ”da alınıb. Hələ mən 5 heç-heçəni demirəm. "Şamaxı”ya, "Sabah”a, "Qəbələ”yə yenilgiyə görə fanatların narazı qalmağa haqqı çatır. Onlardan inciməyə, onları qəzəbləndirməyə dəyməzdi, Samir bəy!

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?