Dünya 12:29 08.08.2022

Əfqanıstanda mina partladı, Pakistan Talibanının üç komandiri həlak öldü

Əfqanıstanın cənub-şərqində bazar günü axşam saatlarında baş verən partlayış nəticəsində üç pakistanlı Taliban komandiri həlak olub.

Qaynarinfo xəbər verir ki, "Azadlıq Radiosu"nun Pakistandakı qolu olan "Radio Məşəl" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Ölən komandirlərdən biri Pakistan Taliban qruplaşmasının ən təsirli və amansız liderlərindən biri hesab edilən Əbdül Vəli ləqəbli Ömər Xalid Xorasani olub.

Hadisə nəticəsində "Hafiz Dolat” və "Müfti Həsən” adlı daha iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Adını açıqlamaq istəməyən mənbələrin məlumatına görə, bu şəxslər Əfqanıstanın Paktika əyalətinin Birmal şəhərində hərəkətdə olarkən avtomobilləri yoldakı minaya düşüb.

Üç nəfərin Əfqanıstanın Kunar və Nanqarhar əyalətlərində yerləşdiyi və Taliban hökumətinə məsləhət vermək üçün bu ölkəyə səfər etdiyi bildirilir.
Partlayış Pakistan rəsmilərinin sülh sazişini müzakirə etmək üçün Pakistan Talibanının rəhbərliyi ilə əlaqə saxladığı bir vaxta təsadüf edir. Son iki aydan bəri Pakistan Talibanı ilə Pakistan ordusu arasında atəşkəs hökm sürür.

Qeyd edək ki, Pakistan Talibanı Əfqanıstan Talibanından müstəqildir. Bu terror qruplaşması iki ölkənin sərhəddində yerləşən Boqa vadisində fəaliyyət göstərir və illərdir Pakistan ordusu ilə döyüşür.

M.Arif