Siyasət 15:16 07.07.2022

Əli Şamxaninin İrəvan səfəri: Bakını hansı təhlükə gözləyir? – Politoloq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvana rəsmi səfərə gedib. Burada o, jurnalistlərə bildirib ki, İranın hazırkı hökuməti qonşu ölkələr və bütövlükdə regionla əlaqələrin genişləndirilməsi və dərinləşməsində maraqlıdır. Şamxani sülh və sabitliyin bərqərar olması üçün göstərilən səyləri xatırladıb və Tehranın regional əməkdaşlığın 3+3 formatını dəstəklədiyini vurğulayıb.

Həmçinin Ermənistan və Azərbaycan arasında aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi eyni zamanda onu da bildirib ki, Tehran regionun geosiyasətində dəyişikliklərə gətirib çıxaracaq istənilən hərəkətə qarşıdır.

Qaynarinfo-ya açıqlamasında Əli Şamxaninin İrəvana səfərini şərh edən politoloq Cümşüd Nuriyev bu səfərdə Azərbaycan üçün müəyyən təhlükələr gördüyünü deyir:

"İran dövlət quruluşunda Ali Milli Təhlükəsizlik Şurası SEPAH-ın da üstündə olan ən yüksək təşkilatdır. Təşkilatın katibinin İrəvana gəlməsi və Paşinyanla görüşməsi fonunda Azərbaycan üçün müəyyən təhlükələr görürəm. SEPAH son zamanlar Azərbaycana qarşı səlib yürüşünə başlayıb. Ölkəmizi sionistlərlə bağlayır, eyni zamanda, raketlərlə vurmaq məsələsini gündəmə gətirirlər”.

Həmsöhbətimizə görə, İran həm də narkotik ticarətini Ermənistan vasitəsilə həyata keçirməyə çalışır:

"Digər tərəfdən, Azərbaycan torpaqlarını azad edəndən sonra İranın narkotrafiki zəifləyib, buradan keçirə bilmir. Ona görə indi ola bilsin həmin prosesi Ermənistan vasitəsilə həyata keçirməyə çalışırlar”. 

C.Nuriyev qeyd edir ki, Tehran nüvə silahı əldə etmək istəyir və bu məsələdə Rusiyanın və Ermənistanın yardımına ümid edir:

"Moskvanın isə İrəvanın əli ilə bunu edəcəyinə inanmıram. Çünki Rusiya bilir ki, ermənilər həmin an məsələni dünyaya çatdıracaq”. 

Rüfət Sultan