Ölkə 12:33 15.07.2022

Əliməmməd Nuriyevdən vətəndaş cəmiyyəti ilə bağlı təkliflər

(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)

"Vətəndaş cəmiyyəti” və "Hüququ dövlət” bir-birini tamamlayan anlayışlardır. Bunlar ölkənin həm sosial-iqtisadi sahələrin, həm də siyasi həyatın inkişafında mühüm rol oynayır. Azərbaycanda vətəndaş cəmiyyətinin əsas funksiyası QHT-lər təşkil edir ki, bu da demokratik cəmiyyətin formalaşmasında və inkişafında böyük rol oynayır.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti hüquqi dövlətin həm səbəbi, həm də şərtidir:

"Əgər vətəndaş cəmiyyəti olmayan cəmiyyət varsa, onda hüquqi dövlətdən söhbət gedə bilməz. Hazırkı şəraitdə vətəndaş cəmiyyətinin durumu nədən ibarətdir? Biz desək ki, vətəndaş cəmiyyəti üçün bütün hüquqi imkanlar var, mövcüd mühit vətəndaş cəmiyyətinin möhkəmlənməsinə yetərli qədər təminatlar verir, bir az məsələni şişirtmiş olarıq. Vətəndaş cəmiyyəti müəyyən inkişaf yolu keçib. Biz o illəri də də xatırlamalıyıq ki, vətəndaş cəmiyyəti ilə bağlı vəziyyət çox ağır idi. Ümumiyyətlə, dövlət qurumları uzun müddət vətəndaş cəmiyyətinin mövcudluğunu qəbul etməyiblər. Dövlət olaraq biz bunu qəbul etmişik”.



Əliməmməd Nuriyev hesab edir, müvafiq qanunvericilik bazasının yaradılması, qanunların qəbul edilməsi kimi addımlar atılıb və atılmaqda davam edir:

"Amma dövlət strukturları vəzifəli şəxslərinin bütövlükdə vətəndaş cəmiyyətinin mövcudluğunu tam qəbul etməsi prosesi baş tutmayıb. Azərbaycan Respublikasının Prezidentinin əsas prinsipi ondan ibarətdir ki, vətəndaş cəmiyyətinin mövcudluğunun inkişafı ilə bağlı siyasi iradə var. Prezident öz çıxışlarında ictimai nəzarət, ictimai proqramların həyata keçirilməsinə vətəndaş cəmiyyətinin mövcudluğunun nəzarət edilməsi, hesabatlılıq, şəffaflıqda mühim əhəmiyyətə malik olmasını xüsisi olaraq vurğulamışdı və bu istiqamətdə çoxsaylı mesajlar verir, eyni zamanda elə təsadüfi deyil ki, son ötən il QHT Dövlət Agentliyinin yaradılması ilə bağlı fərmanın imzalanması da bu göstəricilərin davamıdır. Bu, prosesdə siyasi iradənin mövcudluğunu göstərir. Eyni zamanda indi QHT Dövlət Agentliyi fəaliyyət göstərir və dövlət büdcəsindən vətəndaş cəmiyyətinin maliyyələşdirlməsi ilə bağlı vəsaitlər ayrılır. Həmin vəsaitlər yetərli, yaxud yetərli deyilmi, bu, mübahisəli məsələdir. Əlbəttə ki, yetərli deyil”.

Fond rəhbəri təəssüf hissi ilə bu gün vətəndaş cəmiyyətinin müəyyən problemləri olduğunu vurğulayıb:

"Bu problemlərin həlli istiqamətində də dövlət tərəfindən müəyyən addımların atılması barədə söz-söhbətlər, fikirlər sələnir. Elə bu gün də vətəndaş cəmiyyəti hüquq mühitinin yaxşılaşdırılması istiqamətində QHT Dövlət Dəstəyi Agentliyində tədbir keçirilməsi gözlənilir. Vətəndaş cəmiyyəti ilə bağlı bu istiqamətdə çoxsaylı təkliflər var. Hələ 2020-ci ildən başlayaraq vətəndaş cəmiyyəti ilə Prezidentin köməkçisi Hikmət Hacıyev arasında çoxsaylı görüşlər olub, vətəndaş cəmiyyətinin bütün problemləri çılpaqlığı ilə təqdim olunub və hazırda bu istiqamətdə müəyyən hərəkəlik müşahidə olunur”.

Əliməmməd Nuriyevin fikirincə, hüquqi mühit bütövlükdə vətəndaş cəmiyyəti üçün hələ də vətəndaş cəmiyyəti potensialının artırılması, təəşəbbüslərinin təqdim edilməsi üçün yetərli deyil:

"QHT qeydiyyatı ilə bağlı proseslərdə bürokratiya imkanları var. Bürokratiya imkanları QHT-lərin qeydiyyatdan keçirilməsi ilə bağlı prosesdə özünü hər an göstərir. Avropa Məhkəməsinin birləşmək azadlığı ilə bağlı Azərbaycana qarşı çıxardığı qərarları da bunu göstəricisi kimi qeyd etmək olar. Biz hesab edirik ki, hüquqi şəxslərin qeydiyyat rejimi vahid olmalıdır. Kommersiya təşkilatları necə ki qısa müddətə onlayn qeydiyyatdan keçirlər, eləcə də vətəndaş cəmiyyəti qurumları da eyni zaman intervalında qeydiyyatdan keçməlidir. Bütün sektorlar bu gün rəqəmsallaşmaya keçir, amma bu rəqəmsallaşmanın tam olaraq QHT, ictimai birliklər üçün təsdiq olunmaslnda müəyyən problemlər var. Ona görə də biz Konistitusiya Araşdırmaları Fondu olaraq təklif edirik ki, qeydiyyat prosesi onlayn və qısa bir müddətdə olsun, ən geci 3 gün müddətinə bu qeydiyyat prosesi başa çatsın. Hesab edirəm ki, bu zaman hüquqi şəxslərin fəaliyyət rejimi vahidləşəcək və burada ayrıseçkilik olmayacaq.

İkinci mühim məsələ vətəndaş cəmiyyətinin maliyyə resurslarına çıxışı ilə bağlıdır. Söhbət xarici və daxili resurslardan gedir. Daxili resurslarla bağlı məsələdə problem öz həllini tapıb və milli donorların mövcudluğu, QHT Dövlət Dəstəyi Agentliyinin, kəndlər fondu və s. bütün bunlar vətəndaş cəmiyyətinin ehtiyatlarını qismən ödəmək imkanlarına mailkdir. Lakin bütövlükdə vətəndaş cəmiyyətinin xarici qarantlarla bağlı problemi, yəni xarici qrantlara çıxış problemi var”.

Fond rəhbəri hesab edir ki, xarici qrantlara, maliyyə vəsaitlərinə çıxışla bağlı vətəndaş cəmiyyəti üçün mövcud olan maneəni aradan qaldırmaq lazımdır:

"Bununla bağlı da qanun lahiyəsi hazırlayıb və Prezident Aparatına təqdim etmişik. Layihə həm qeydiyyat, həm qarantlar haqqında qanuna, həm İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlıdır. İnzibati Xətalar Məcəlləsində də vətəndaş cəmiyyətinin hər hansı bir pozuntu yaratması, böyük sanksiyalarla üzləşməsi orada təsbit olunub. Bu da birləşmək azadlığına nəzəri baxımdan mane olan imkanlardan biridir. Bu məsələdə proporsionallıq qorunub saxlanmalıdır. Vətəndaş cəmiyyətinə pozuntuya görə təsbiq edilən sanksiyaların miqyası azaldılmalıdır. İstəlinən pozuntu məsuliyyət yaradır və buna görə cavabdehlik olmalıdır. Bizim bununla bağlı təkliflərimiz olub və Prezident Adminstrasiyasında da bu istiqamətdə addımlar atılır. Ümid edirəm ki, bu istiqamətdə irəliləyişlər baş verəcək”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.