Ekonomiks 17:27 22.09.2022

Ərdoğan qaz böhranını həll etməyə çalışır - Ekspert

Əsasən Rusiya, Azərbaycan və İrandan qaz alan Türkiyə eyni zamanda ABŞ-dan aldığı qazın həcmini artırmaq istəyir. Ən azından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkiyə-Amerika İş Şurasının iclasında açıqladığı fikirlər belə düşünməyə əsas verir. 

Ərdoğanın sözlərinə görə, Ankara qazı "daha sərfəli şərtlərlə" almağı gözləyir. "Biz Amerikanın mayeləşdirilmiş təbii qazının region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq", deyə Türkiyə lideri bildirib.

Qaynarinfo-ya açıqlamasında məsələyə aydınlıq gətirən neft-qaz üzrə ekspert Zəfər Vəliyev qeyd edir ki, Türkiyənin qaza olan tələbatı artmaqda davam edir. Bu səbəbdən də o alternativ mənbələrə müraciət etməyə məcburdur:

"Bu il Türkiyənin qaza olan tələbatının 62-63 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Türkiyə qazı bir neçə mənbədən, Rusiya, İran və Azərbaycan üzərindən idxal edir. Bundan əlavə Türkiyənin mayeləşmiş təbii qaz terminalları var. Hansı ki, onların layihə gücü də daim artır. Bu mənada, Türkiyə nəinki ABŞ, habelə Əlcəzair, Qətər də daxil digər mayeləşmiş təbii qaz ixracatçılarından da idxal edir. Ümumiyyətlə, Türkiyənin qaz portfelində hər hansı bir dövlətə böyük üstünlük vermək halı hiss edilmir. Çünki Ankara bütün şirkətlərlə bərabər hüquqlu, əlverişli kommersiya şərtləri çərçivəsində danışıqlar aparmağa üstünlük verir”.



Ekspertin fikrincə, Ankaranın ABŞ da daxil alternativ qaz mənbələrindən yararlanmağa meyllənməsinə dünyada neft-qaz axın xətləri xəritəsinin yenidən müəyyən edilməsi, habelə "Qazprom”un müqavilə öhdəliklərini yerinə yetirmək gücünün zəifləməyə doğru getməsi ehtimalı öz təsirini göstərib:

"Qarşıdakı illərdə də Türkiyənin qaza olan tələbatı artmaqda davam edəcək. Rusiyanın beynəlxalq ixrac qabiliyyəti getdikcə tükənir. Rusiya qazı əsasən Avropaya istiqamətlənmişdi. Keçən il "Qazprom” Avropaya 145 milyard kubmetr qaz idxal edib. Hər bir dövlət kimi, Türkiyə də özünün enerji təhlükəsizliyini önə çəkərək, alternativ mənbələrə üstünlük verir. Hazırda dünyada neft-qaz axın xətləri xəritəsi yenidən cızılır. Heç kim təminat verə bilməz ki, 3-5 ildən sonra "Qazprom” müqavilə öhdəliklərini yerinə yetirmək gücündə olacaq. Bu ilin 8 ayının göstəricisinə görə, "Qazprom”un qaz hasilatında ortalama 56 milyard kubmetr azalma baş verib. Belə olan şəraitdə idxalçı dövlətlər, o cümlədən Türkiyə Rusiyaya ümid edə bilməz. Ona görə də Türkiyə alternativ mənbələrə müraciət edir”.

Rüfət Sultan