Dünya 14.05.2022

Ərdoğanın “NATO qambiti”nin pərdəarxası - Politoloq

İsveç və Finlandiyanın NATO-ya üzv olmaq məsələsi qurum daxilində belə heç də tam dəstəyə malik deyil. Belə ki, NATO-da aparıcı qüvvəyə malik dövlətlərindən olan Türkiyənin bu iki Skandinav ölkəsinin alyansa qəbul olunmasında o qədər də maraqlı olmadığı fikri formalaşıb. Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, həm İsveç, həm də Finlandiya terrorçulara dəstək verir. 

Heç kimə sirr deyil ki, Ərdoğan bu fikrində tam haqlıdır. Belə ki, İsveç və Finlandiya PKK ünsürlərinin Avropada sığındığı, burada özlərinin Türkiyə əleyhinə çirkin planlar hazırladıqları, təbliğat apardıqları əsas məkanlardandır. Bir çoxları Ərdoğanın həmin açıqlaması fonunda belə qənaətə gəlir ki, bununla Türkiyə lideri əslində Moskvanın təzyiqilə onun maraqlarına uyğun addım atır. Əslində isə bu belə deyil. Rusiya İsveçlə Finlandiyanın da NATO-ya üzv olmasına qarşıdır. Hətta buna görə Moskva hər iki ölkəni hədələyib. 

Düzdür, Türkiyənin Rusiya ilə isti münasibətləri mövcuddur. Ankara digər NATO ölkələrindən fərqli olaraq, Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayıb. Lakin bununla belə, hər hansı bir məsələdə Ankara ilə Moskvanın mövqeyinin üst-üstə düşməsi heç də o anlama gəlməməlidir ki, Türkiyə məhz Rusiyanın təzyiqindən çəkindiyindən iki Skandinav ölkəsi barədə digər NATO üzvlərindən fərqli mövqe sörgiləyir. Burada Türkiyənin öz marağı var. Bu maraqlar da dövlətin təhküləsizliyindən qaynaqlanır. Avropanın müxtəlif yerlərində, o cümlədən İsveç və Finlandiyada toplaşan PKK üzvlərinin olduqları məkanlarda da Türkiyə əleyhinə kampaniya aparmaqda, terrorçuluğu, separatizmi dəstəkləməkdə davam edirlər. Bu müstəvidə, hər bir digər dövlət kimi, Türkiyənin də borcudur ki, yerləşdiyi ərazilərdən asılı olmayaraq, dövlətinə təhlükə yaradan terrorçulara qarşı mübarizə aparsın. 

İsveçlə Finlandiyanın NATO-ya üzvlük məsələsində Ərdoğanın tutduğu fərqli mövqe də məhz yuxarıda qeyd etdiyimiz amildən qaynaqlanır. Türkiyə Prezidenti bununla NATO üzrə müttəfiqlərinə başa salmağa çalışır ki, Helsinki ilə Stoqolmun alyansda olmasında israrlıdırlarsa, Ankaranın da marağını nəzərə alaraq, həmin iki ölkədə PKK-nın təbliğatının dayandırılmasına, terrorçularının zərərsizləşdirilməsinə nail olsunlar. Yəni İsveçlə Finlandiyanı NATO-da görmək istəyənlər öncə bu iki ölkənin bəzi hallarda terrorçulara qucaq açmasına göz yummamalı, bu tendensiyanın aradan qaldırılmasını tələb etməlidirlər. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Fikrət Sadıxov bildirir ki, NATO üzvü olan digər dövlətlərin Ankaranın marağına zidd addım atmaları fonunda, Ərdoğan da İsveç və Finlandiya ilə bağlı belə şəkildə çıxış etməkdə tam haqlıdır: 

"Ərdoğan İsveçlə Finlandiyanın NATO-ya qəbul olunmalarına sözsüz ki, problem yarada bilər. O, haqlı olaraq bu iki ölkənin həmin istəyinə qarşı çıxış edir. Səbəb də odur ki, ABŞ Suriyadakı terrorçu kürd dəstələrinə dəstək verir. Prezident Bayden onlara hərbi-texniki yardım ediləcəyini bildirib. Buna cavab olaraq da Ərdoğan tamamilə əsaslı olaraq Baydenə reaksiya verib. Bu səbəbdən də Ankara Finlandiya ilə İsveçin NATO-ya qatılmasına etiraz edir. Siyasətdə hər şey müəyyən kompromislər əsasında həll olunmalı, hər bir dövlətin maraqları nəzərə alınmalıdır. ABŞ açıq şəkildə Türkiyənin marağına zidd addım atırsa, Ankaranın da buna cavab olaraq belə şəkildə çıxış etməsinə tam əsası var”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?