Dünya 16:58 18.11.2022

Finlandiya Rusiyanın təxribatlarından qorunmaq üçün 143 milyonluq hasar çəkəcək

Finlandiya hökuməti Rusiya ilə sərhəddə hasar çəkmək üçün 143 milyon dollar ayırmağa hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Ölkələr arasındakı sərhədin uzunluğu təxminən 1300 kilometrdir. Sentyabr ayında Finlandiya sərhəd xidməti cənub-şərq hissəsində sərhədin 10-20%-ni, yəni təxminən 130-260 km-ni hasarlamağı təklif edib. Agentlik hesab edir ki, belə bir hasarın tikintisi 3-4 il çəkə bilər.

Rusiya ilə sərhəddə hasarın çəkilməsi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Finlandiya hakimiyyəti tərəfindən müzakirə edilməyə başlayıb. Oktyabrda Finlandiya parlamenti bu ideyanı yekdilliklə dəstəkləyib, qərarı prezident Sauli Niinistö də təsdiqləyib.

Rusiya ilə cənub-şərq sərhəddindəki hasarın bir hissəsi artıq qarşıdan gələn qış və yaz aylarında tikilə bilər. Sınaq kimi işlər hasarın uzunluğu 3 km olan hissəsində aparılacaq, buna 6 milyon avro xərclənə bilər. 

"Reuters” xəbər verir ki, Finlandiya hasara əlavə olaraq, Rusiya ilə sərhəddə əlavə istehkamlar – səngərlər və bunkerlər tikməyi planlaşdırır. Onlar birbaşa artilleriya mərmisi və ya raket zərbəsinə və onlarla kiloqram partlayıcının partlamasına tab gətirə biləcəklər, - istehkamlardan birinin tikintisinə cavabdeh olan mayor Petteri Viitanen bildirib.

Xatırladaq ki, Finlandiya da İsveç kimi Rusiyanın Ukraynaya təcavüzündən sonra neytral statusundan imtina edərək NATO-ya üzv olmaq üçün müraciət edib. Hələlik Türkiyə ölkələrin alyansa girişini əngəlləyir. Ankara onların ərizəsini təsdiq etməzdən əvvəl qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) 73 üzvünün ekstradisiyasını tələb edir.

Finlandiya qorxur ki, Moskva NATO-ya qoşulmağa cavab olaraq keçən il Polşa və Belarus sərhədində baş verənlərə bənzər böhran yaratmaq üçün sərhədə miqrant axını göndərə bilər.

Polşa hakimiyyəti Rusiyanın təhrik edə biləcəyi miqrasiya böhranından da qorxur. Sentyabr ayında Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Yaxın Şərq və Asiya ölkələrindən yeni aviadaşıyıcıları cəlb etmək üçün Kalininqraddan uçuşların coğrafiyasını genişləndirib. Polşada bunu, miqrantların köçünə hazırlıq kimi qiymətləndiriblər.

Noyabrın əvvəlində Polşa Kalininqrad vilayəti ilə sərhəddə hündürlüyü 2,5 metr və eni 3 metr olan hasarın tikintisinə başlayıb. Ötən il Polşa da Belarusla sərhəddə analoji istehkamlar tikib.

Nizami Bağırov