Ölkə 17:20 09.12.2022

Get-gedə xalq tərəfindən redaktə edilən adət-ənənələr, kəsilib atılan hissələr...

(Yazı Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği mövzusu üzrə hazırlanıb)

Hər bir millətin şah əsəri onun dövlətidir. Azərbaycanın dövlətçilik tarixi çox qədimdir. Bu dövləti quran, yaradan, sərhədlərini genişləndirən və müəyyənləşdirən, iqtisadiyyatını inkişaf etdirən, babalarımızdan üzü bu yana millətimizin yaratmış olduğu adət-ənənələr, o cümlədən də tarix heç vaxt unudulmamalı və gənclərimiz arasında nəsildən-nəslə ötürülməlidir. Bu gün Azərbaycanın adət-ənənələri nəinki daxildə, həm də xarici ölkələrdə təbliğ olunur.

Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanın milli adət-ənələri ilə bağlı aparılan təbliğat qaneedici deyil:

"Bu təbliğat daha çox Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və bir çox gənclərlə işləyən qurumlara aiddir. Onlar bu təbliğatı böyük proqramın tərkib hissəsi olaraq Elmlər Akademiyasının müxtəlif institutları ilə birlikdə aparmalıdılar. Son vaxtlar Azərbaycanın maddi irs nümunələri bir-birinin ardınca UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilir. Biz istərdik ki, həmin siyahıya çox dəyərlərimiz daxil edilsin ki, dünya da Azərbaycanın necə böyük bir sərvətə malik olduğunu görsün. Azərbaycan musiqisinin və mədəniyyətinin bir necə sənəti - aşıq sənəti, Novruz bayramı, muğam sənəti və digər sənət növləri artıq YUNESKO-un siyahısında yer alıb. Bu, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrin nəticəsidir. Mehriban xanımın gördüyü bu işlər həm məmurlar, həm xalqımız üçün mütləq bir dəyərə çevrilməli və gənclər arasında təbliğ olunmalıdır. Azərbaycanın pəhləvanlıq, zorxana idman oyunları üzrə milli nominasiyası YUNESKO-un siyahısına daxil edilib. Amma bu siyahıya daha çox dəyərlərimizi daxil edə bilərik. Məsələn, Azərbaycan yas ənənələri, toy mədəniyyəti, dini-milli bayramlar siyahıya daxil edilməlidir. Ən əsası isə bizim dünyaya səpələnmiş 55 milyonluq dünya azərbaycanlılarımız və bizə yaxın olan xalqlarımız bu milli dəyərləri tanımalıdır. Gənclər Amerikada baş verən hadisələri yadda saxlayır, çünki məlumatlar tez-tez gəlir. Amma bizdə məlumatlar az olduğundan, gənclərin qəbul etdiyi formatda milli-mənəvi dəyərlərimizi təbliğ edə bilmədiyimizə görə, öz dəyərlərimizi tanımırlar. Bu dəyərləri bir-iki nəfər xarici ölkədən rejissor çağırıb film çəkməklə bitməz, dəyərləri kütləviləşdirmək üçün Azərbaycanın daxilində olan qeyri-hökumət təşkilatlarına, mətbuata maddi imkanlar yaratmaq lazımdır”. 

Aydın Xan Əbilovun sözlərinə görə, bir çox tarixi hadisələr Azərbaycanın adət-ənənələrinə, dini baxışlarına, mədəni düşüncə tərzinə təsir edib:

"Bu baxımdan inkişaf getdikcə bəzi köhnəliklər aradan qalxır. Məsələn, vaxtı ilə qan düşmənçiliyi məişətimizin bir hissəsi olub, qız qaçırmaq, başqasının arvadını qaçırtmaq, 12 yaşlı qızla evlənmək, dini günlərdə baş yarmaq, zəncir döymək kimi şeylər artıq aradan çıxır. Adət-ənənələrin canlı ruhu var. Adətlər də insanlar kimi dəyişir, zənginləşir, bir çoxları qalır. Geyim, mətbəxt mədəniyyətlərimiz, eyni zamanda tərəkəmə adət-ənənələrimizin bir çoxları artıq sıradan çıxıb. Şəhərləşmə, dünyaya inteqrasiya, internet, sosial şəbəkələr bizim həyatımızı dəyişdi”.
 


Kulturoloqun fikirincə, Azərbaycan gənclərinin Avropa meyl etməsini normal qəbul etmək lazımdır:

"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər var. Bizim babalarımızın da yaratmış olduğu və yaxud yaradılışında iştirak etdiyi proseslərdə Azərbaycan gənclərinin inkişaf etməsi normal haldır. Biz inkişaf edək ki, bir çox hadisələr zamanı, gözəl yeməklər, rəqslər, adət-ənənələr, ailəyə münasibəti öyrənmək üçün avropalı tədqiqatçılar Azərbaycana gəlsin. Qoy orada olan Azərbaycan gəncləri də oxuyub sonra ölkəsinə dönsün”.
 
Aydın Xan Əbilov deyir ki, Azərbaycanın milli dəyərlərinin ən böyük hissəsini toylar, yaslar, nişanlar və toy mədəniyyətini özündə əks etdirən yüzdən çox mərasim təşkil edir:

"Onların dəyişilməsi, məsələn, toy-nişan, paltarkəsdi, oğlan və qız toyları, ciyəraxşamları, 3-cü gün, yengə institutu və s. kimi adət-ənənələrin təkimilləşdirilməsi və bu istiqamətdə islahatların aparılması normaldır. Azərbaycanlılar dünyanın hər yerinə səpələnib. Keçmişdə bir kənddə keçirilən toyda bütün sakinlər iştirak edirdi. O vaxt kəndə 100-200 adam vardı, amma bu gün kəndlərimiz var ki, 10 minə yaxın əhalisi var. Yaxud Bakının mərkəzində yaşayan, əslən kənddən olan insan bütün kəndini Bakıya gətirə bilməz. Biz Bakıda çadır qura, adət-ənənələrin hamısını eyni vaxtda yerinə yetirə bilmərik. Bu normaldır və müasir dövrün tələblərinə uyğun olaraq biz bunu modernləşdirib iç-içə daxil etdik. Məsələn, toylarda həm toyun, həm nişanın, həm xınayaxdının, həm oğlan, həm də qız toyunun olması, avropa və milli musiqiləri həmin islahatların nəticəsidir. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz get-gedə xalq tərəfindən redaktə edilir, lazımsız və yaxud da dövrə cavab verməyən hissələri kəsilib atılır. İnkişaf etdirməli olunanlar isə modernləşdirilir. Bundan qorxmaq lazım deyil”.

Kulturoloq vurğulayıb ki, pandemiya adət-ənənələri qısa müddət ərzində özündə ehtiva edən yaşam tərzinə keçidi formalaşdırıb:

"Pandemiya vaxtı hətta virtual toylar da keçirildi. Musiqiçilər, iştirakçılar ayrı-ayrı məkanda olsalar da, internet vasitəsi ilə birləşdilər. Toylarımız bir növ sintez olunub. Xarici ölkələrdə yaşayan qohum-tanış toylara gələ bilmir, həm də sərhədlər  bağlıdır. Qonaqların, yaxınların əksəriyyəti toya gələ bilmədiyi halda canlı yayımla həmin adamları toya dəvət edir, onlar da internet vasitəsi ilə öz ürək sözlərini deyə bilirlər. Toylarımız daha da gözəl olub və modernləşib. Bizim bəyənmədiyimiz səsli-küylü toylarımız belə internet vasitəsilə dünyaya yayılır və xalqlar tərəfindən bəyənilir. Toyda aparılan islahatlar yas mərasimlərində də həyata keçirilə bilər. Vaxtı ilə 40 gün yas mərasimi verib, ağlayırdıq. Amma indi mərasimlər 3 gün ərzində həyata keçirilir”.

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.