Ekonomiks 19:03 06.12.2022

Gömrükdən artıq yük keçirən şirkət cərimələndi

Tikinti, Memarlıq, Təchizat, Dam və Fasad, Modul ev kimi sahələrdə fəaliyyət göstərən "Gallco Group" şirkəti cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin cərimə olunmasına səbəb Türkiyədən gətirilən malların gömrük bəyannaməsinə uyğun gəlməməsi olub. Belə ki, bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirilən zaman bəyannamədə "Başak” nişanlı "Təmirtikinti” işlərində istifadə olunan dam örtükləri-kirəmitlər 30 yer, 6600 ədəd (hər paletdə 220 ədəd) bəyan edildiyi halda, faktiki avtomaşında 30 yer, 7680 ədəd (hər paletdə 256 ədəd), yəni 1080 ədəd artıq "Başak” nişanlı kirəmit yükünün aşkarlanması olub. 

Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin müraciəti əsasında, məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (8100 manat) 30 faizi, yəni 2430 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Əhməd