Sənət 10:59 27.09.2022

GTT qalmaqalına Rəşad Kəsəmənli də qoşuldu: “Prezidentə müraciət edəcəyik”

Şair Nüsrət Kəsəmənlinin oğlu, aktyor Rəşad Kəsəmənli Vətən müharibəsində iştirak edən, Prezident tərəfindən 3 medalla təltif edilən qardaşı oğlu Cavidan Kəsəmənlinin Gənc Tamaşaçılar Teatrının direktoru tərəfindən işə qəbul edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Aktyor Rəşad Kəsəmənli Qaynarinfo-ya müsahibəsində bildirib ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcək. 

- Rəşad bəy, qazi Cavidan Kəsəmənlinin Gənc Tamaşaçılar Teatrında işə götürülməməsinin kökündə nə dayanır? 

- Ona qarşı münasibətin kökündə heç nə dayanmır, yəni əslində, biz də bilmirik səbəb nədir. Əgər səbəbi bilsək, özümüz onu ictimaiyyətə açıqlayarıq. Bəlkə kiminsə Cavidanı işə götürməyi üçün onu tapşırmasını istəyir? Bu bizə çatmır. Bir insanı işə götürmək üçün hansı şərtlər var? Yaxud da götürməmək üçün hansı? Onları da deməyirlər. Sınaqdırsa, direktor onu onu da eləmədi. Cavidan 4 dəfə onun yanına gedib, bir dəfə onu sınamayıblar. Sınamadan onu işə götürüb-götürməməyə necə qərar verə bilərsən? Sonra da deyirsən ki, götürəcəyik, amma hələ ştatda yer yoxdur. Üstündən bir həftə keçməmiş Naidə İslamzadə 4 nəfəri ştata götürür. Bu nə deməkdir? Bu o deməkdir, sənin ştatda yerin olub, amma Cavidanı yola vermisən. Yaxşı  həmin 4 nəfəri nələrə əsaslanıb ştata götürmüsən və nələrə əsaslanıb Cavidanı işə götürməyibsən? Bax, bizə qaranlıq qalan məsələlər budur. Biz bu suallara cavab istəyirik. Deməli, bu məsələdə başqa səbəb var. Çıxıb, həmin səbəbi açıqlasın. Çıxıb desin ki, Cavidanda istedad yoxdur. Onu da deyə bilməz. Çünki istedad yoxdur fikirini demək üçün nələrəsə əsaslanmalıdır. Axı onun qabiliyyətini bilmirsən. 

- Deyirsiniz ki, Cavidana "teatrda yer yoxdur” deyən direktor ondan bir həftə sonra 4 nəfəri teatra işə götürüb?

- Bəli. Həmin işə götürdüklərini sınamısan? Tutaq ki, onları sınamısan? Bəs onları Cavidanın istedadı ilə müqayisə eləmisən? Mən onun işə götürdüyü şəxslərlə heç bir ədavətim yoxdur, Allah onların işlərini avand eləsin. Amma haqq-ədalət var. Bilsinlər ki, bu haqsızlıq nə vaxtsa onların qarşısına çıxacaq. Elə edin ki, sonda peşman olmayasınız. 

- Yaranmış vəziyyətlə bağlı hansı addımları atmaq fikiriniz var?

- Bu məsələni yarımçıq qoymaq fikirimiz yoxdur. Haqsız olsaydıq, bu qədər dirəşməzdik, haqlıyıq ki, haqqımızı tələb edirik. Azərbaycanın dövlət başçısına arxalanıb ona bir məktub hazırladıq. Ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət edəcəyik. Hətta Mədəniyyət Nazirliyinə də müraciət edəcəyəm ki, bu haqsızlığa cavab versinlər. Buna bir məntiqli açıqlama gətirilməlidir. Cavidan kimi onlarla istedadlı aktyor var ki, kənarda qalıblar. Niyə? 

- Cavidan deyir ki, onun üstünlükləri direktorun teatra işə götürdüyü şəxslərdən üstündür? 

- Üstəlik Cavidan 44 günlük müharibə iştirakçısıdır. Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. Onun istedadına müəllimləri bələddir. Bundan əlavə, magistraturanı bitirib. Görün Cavidanın nə qədər üstünlükləri var. Müharibədən 3 medalla qayıdıb. Onlar dövlət başçısının fərmanını da saymırlar. Dövlət başçısı nə demişdi, müharibədə iştirak edən hər bir gənci öz peşəsinə uyğun işlə təmin eləsinlər. Niyə eləmirlər? Prezidentin də tapşırığını saymırlar? Bunlar bu dərəcədə özlərinə arxayındırlar.

- Əgər başqa bir teatrdan Cavidana işlə bağlı təklif gəlsə necə, sizcə, qəbul edər? Yoxsa GTT-da işləməyi qarşısına məqsəd qoyub? 

- Əlbəttə, qəbul edər. Məsələ GTT rəhbərinin ona həm də bir qazi olaraq haqsızlıq etməsidir. Odur ki, bu məsələnin sonuna kimi getmək lazımdır. Teatr dövlətindir... Amma elə davranırlar, sanki şəxsi obyektləridir.

Bahar Rüstəmli