The Times nəşrinin məlumatına görə, Böyük Britaniya Qara dənizə hərbi gəmilər göndərmək üçün müttəfiqlərlə danışıqlar aparır. Bu gəmilər Ukrayna taxılını daşıyan yük gəmilərini qoruya biləcək. "Koalisiya arzulayanlar bir neçə həftə ərzində Odessadan Bosfor boğazı vasitəsilə "qoruyucu dəhliz” təmin etməklə Rusiya blokadasını yarmağı hədəfləyəcək”, - The Times əlavə edib. Bildirilir ki, artıq qlobal ərzaq böhranının qarşısını almaq üçün vaxtın tükəndiyi ilə bağlı qorxular var.
Buna görə də, nəşrin məlumatına görə, ABŞ artıq Rusiya gəmilərini məhv etmək üçün uzaqmənzilli raketlər göndərdiyini bəyan edib. Böyük Britaniya xarici işlər naziri Liz Truss ilə dəhlizi müzakirə edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, koalisiyaya bəzi NATO ölkələri və taxıldan asılı olan digər ölkələr daxil ola bilər. Xaırladaq ki, bundan bir qədər əvvəl BMT bildirib ki, Odessa limanı blokdan çıxarılmasa, bu, dünya ərzaq böhranını daha da ağırlaşdıracaq. Qeyd edək ki, dünyanın aparıcı taxıl istehsalçısı olan Ukraynanın taxıl daşıyan gəmilərini müşayiət etməyə gələcək Britaniya hərbi gəmiləri bunun üçün Türkiyəyə məxsus Bosfor və Dardanel boğazlarından keçməlidir. İndiki halda isə, Ankara Montrö müqaviləsini əsas götürərək həmin boğazları bütün ölkələrin hərbi gəmilərinə bağlayıb.
Belə olan halda Böyük Britaniya gəmiləri boğazdan necə keçəcək? Ankara buna icazə verəcəkmi? Beynəlxalq ərzaq qıtlığına görə Ankara bu addıma göz yuma bilərmi? Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə Türkiyənin Montrö müqaviləsinə uyğun olaraq bu addıma icazə verəcəyini düşünmür:
"Londonun bu addımı anlaşılandır. Bu, Böyük Britaniyaya müəyyən mənada hörmət gətirəcək. Amma əməli olaraq, Ukrayna taxıl gəmilərinin Britaniya hərbi donanması tərəfindən müşayiət olunması qeyri-mümkündür. Türkiyə Montrö müqaviləsinə istinad edərək, digər bütün ölkələrin hərbi gəmilərinin boğazdan keçməsinə qadağa qoyub. Bu mənada Rusiya gəmilərinə də qadağa qoyub. Hazırda bir neçə rus gəmisi Aralıq dənizində Qara dənizə daxil olmaq üçün dayanıb. Amma Türkiyənin qadağası fonunda bunu reallaşdıra bilmirlər. Bu isə əməli olaraq Türkiyənin Kiyevə hərbi mənada köməyidir. Belə vəziyyətdə Ankara Böyük Britaniya gəmilərinə boğazdan keçməsinə icazə versə, deməli Türkiyə Montrö müqaviləsindən öz siyasi məqsədləri naminə istifadə edir. Ona görə də Ankaranın buna icazə verməyəcəyini düşünürəm”. Politoloq düşünür ki, bunun əvəzində, Türkiyə beynəlxalq aləmin qərarı əsasında özü bu prosesi həyata keçirə bilər:"Amma çətin ki, Türkiyə də bunu etsin. Ankara Rusiya ilə Ukrayna arasında məsafə saxlamağa çalışır. Onsuz da çox qalmayıb. İki aya müharibənin gedişi bəlli olacaq”.
Rüfət Sultan
Şərhlər