Siyasət 23:53 04.07.2022

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tehranda görüşü keçiriləcək

"Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankaraya səfəri zamanı Tehranda xarici işlər nazirləri səviyyəsində İran, Azərbaycan və Türkiyənin üçtərəfli görüşünün keçirilməsi barədə razılığa gəldik".

Qaynarinfo xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahyan Tehranda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransı zamanı deyib:

"Biz qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri müzakirə etdik. Bu müddət ərzində prezidentlərin iki görüşü baş tutdu və ötən həftə İlham Əliyevlə İbrahim Rəisinin görüşündə konstruktiv və perspektivli müzakirələr inkişafın yeni mərhələsi ilə bağlı oldu. Biz iki ölkə arasında mehriban qonşuluq, etimad və maraqlar əsasında iki ölkə arasında münasibətlərin dərinləşməsinə diqqət yetirdik. Biz ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğuladıq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini vurğuladıq. Münaqişənin lap əvvəlində İran böhranı dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan etdi. 

"Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankaraya səfəri zamanı Tehranda xarici işlər nazirləri səviyyəsində İran, Azərbaycan və Türkiyənin üçtərəfli görüşünün keçirilməsi barədə razılığa gəldik”, - deyə nazir bildirib.

İranlı nazir Azərbaycan prezidentinin Tehrana səfərə hazır olduğunu da açıqlayıb.

Əmir Abdullahyan həmçinin qeyd edib ki, iki ölkə arasında pik mövsümlərdə və İran ilə Azərbaycan Respublikası arasında enerji təhlükəsizliyini gücləndirmək məqsədilə elektrik enerjisi mübadiləsi iki ölkə arasında razılaşdırılıb və bu, Energetika nazirinin səfəri zamanı başa çatacaq. 
Nazir, həmçinin son aylarda iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artdığını qeyd edərək, ticarət-iqtisadi əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.