Azər Rəşidoğlu
Siyasət 12:32 08.07.2022

İranın Ermənistan “sevgisi”, erməni alimin şərhi, bərpa olunmayan etimad... (TƏHLİL)

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvana rəsmi səfəri dünya mediasında geniş təhlil edilir. İranda Ali Milli Təhlükəsizlik Şurası ən yüksək təşkilat hesab edilir. Belə bir qurumun rəhbərinin İrəvana səfəri təbii ki, müzakirəyə layiq məsələdir. 

Erməni ekspert: "Tehran Azərbaycanın güclənməsində maraqlı deyil"

Ermənistanın tanınmış şərqşünas alimi Vardan Voskanyan hesab edir ki, regionda yeni çağırışlar yaranıb və onlarla təkcə Ermənistan deyil, həm də dost ölkələr, o cümlədən İran və Rusiya da üzləşib. Bu ölkələr təhlükəsizliklə bağlı məsələləri həll etməyə, Ermənistan tərəfinin bu məsələlərdə mövqeyini başa düşməyə və lazım gələrsə, birgə planlar hazırlamağa çalışır. 

Voskanyanın fikrincə, "Ermənistanın regionda mövqelərinin güclənməsi İranın geosiyasi maraqlarına uyğundur və deyilənlər Türkiyə-Azərbaycanın Zəngəzur bölgəsinə müdaxilələri fonunda xüsusilə aktualdır. İran istər hərbi işğal nəticəsində, istərsə də müxtəlif "dəhlizlərin”, o cümlədən Zəngəzur dəhlizinin açılması nəticəsində Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyin qəti əleyhinədir”. 

Ekspert hesab edir ki, Tehran Azərbaycanın güclənməsində maraqlı deyil və İslam Respublikası regionda müəyyən güc balansını saxlamaq üçün əlindən gələni edəcək. Şərqşünas əmindir ki, Ermənistan dost dövlətlərin, o cümlədən İranın dəstəyinə arxalana bilər və İrəvanın təhlükəsizliyi, iqtisadi inkişafı baxımından Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması son dərəcə vacibdir. Voskanyanın fikrincə, hazırda Rusiya ilə İran arasında ticarətin cüzi hissəsi Azərbaycan və Xəzər dənizi vasitəsilə həyata keçirilir, İran isə Türkiyə vasitəsilə Avropaya daxil olur. Bu baxımdan Ermənistandan keçən marşrut İrana Ankara və Bakıdan tranzit asılılığını xeyli zəiflətməyə imkan verəcək.

İran və Azərbaycan: müştərək bağlar, toqquşan maraqlar

İran və Azərbaycanın maraqları zaman-zaman toqquşub. Lakin iki ölkə arasında müştərək bağlar da mövcuddur. Müştərək mədəniyyət və incəsənət, müştərək məişət İran və Azərbaycanı bir birinə bağlayır. İranda yaşayan milyonlarla azərbaycanlı İranı özünün dövləti hesab edir, sadəcə, fars dominantlığına qarşıdır. İrana əsrlər boyunca azərbaycanlılar rəhbərlik ediblər. İranda yaşayan azərbaycanlılar məhz bu baxımdan İranı özlərinki sayırlar.

Şimali Azərbaycanda hesab edirlər ki, İran Ermənistanla yaxınlıq etməməlidir, məhz bu amil Tehran-Bakı münasibətlərini korlayır. Düzdür, İran da hesab edir ki, Azərbaycan İsraillə yaxın olmamalıdır. Lakin İsrail Azərbaycanın əhəmiyyətli neft müştərilərindən biridir və eyni zamanda Azərbaycan İsraildən silah idxal edir. Sonuncu amil 44 günlük savaşda önəmli rol oynadı. Azərbaycanla İsrailin yaxın əlaqələri uzun illərdir mövcuddur. Yəhudi lobbisi Azərbaycanı ən müxtəlif səviyyələrdə müdafiə edir. Bunu Tehran rejimi də anlayır. Sadəcə olaraq, "İsrail kartı”ndan istifadə bir bəhanədir. Belə ki, İranda qeyri-rəsmi statistikaya görə, 30 milyondan çox azərbaycanlı yaşayır. İran həm də öz azərbaycanlı əhalisinə göstərmək istəyir ki, onun işi "Azərbaycandakı sionist rejim” ilədir, xalqla yox, milyonlarla şiə ilə onların heç bir problemi yoxdur.

Əslində, iki ölkə arasındakı gərginliyin əsas səbəbi Azərbaycanın Türkiyə ilə münasibətləri, o cümlədən Pakistanın bölgəyə gəlişidir. Azərbaycanın İsraillə, Türkiyə və Pakistanla yaxınlığını müşahidə edəndə, bu, İranda qıcıq oyadır.

Azərbaycanın İkinci Qarabağ müharibəsindən qalib kimi çıxması, beynəlxalq aləmdə yerini möhkəmlətməsi, Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla əlaqələrin sıxlaşması, İsraillə, Böyük Britaniya ilə strateji münasibətlər qurması - bütün bunlar İranı narahat edir. Digər tərəfdən, İran hələ də Azərbaycanı öz tarixi ərazisi hesab edir və müstəqil, dünyəvi və demokratik Azərbaycanın mövcudluğunu özünə təhdid hesab edir. 

Ayətullah Xomeyni doktrinası - "Dünya şiələri birləşin!”

İranın Azərbaycana təsir imkanları yetərincədir. Vaxtilə İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyni belə bir şüar ilə çıxış etmişdi: "Dünya şiələri birləşin!”. 

Bu şüar bu günədək İranın xarici siyasətinin göstəricilərindən biri kimi nəzərdən keçirilir. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin önəmli hissəsi şiədir, belə bir sual yaranır: İran Azərbaycana təzyiq üçün hansı addımları ata bilər? Bu məsələ barədə bir qədər düşünmək lazım gəlir. Tehran rejiminin Azərbaycanla bağlı ən əsas silahının bəzi İslam təmayüllü təşkilatları maliyyələşdirməsi olması sirr deyil, lakin bu qüvvələr yetərincə güclü deyil və Azərbaycanda ictimai rəyə təsir imkanları yoxdur. Buna baxmayaraq, İranın Azərbaycan dindarlarının bir qisminə, xüsusən də ölkə şiələrinə təsir imkanları az deyil. 1991-ci ildə Azərbaycan-İran sərhədləri açılarkən yüzlərlə azərbaycanlı gənc İrana, şiəliyin elmi mərkəzləri sayılan Qum və Məşhəd şəhərlərinə üz tutdu. İranda təhsil alıb, Vətənə dönən azərbaycanlı tələbələrin bir qismi üçün artıq İran müqəddəs idi. İndiyədək, yalnız Buxara və Daşkənd dini mərkəzlərində sünni məzhəbinin hənəfi qolunu öyrənən azərbaycanlılar üçün İranda şiəlik dərsi keçmələri Tehran üçün göydəndüşmə idi. Buna baxmayaraq, İranla hər hansı bir formada əlaqəsi olan şəxsi potensial agent qismində görmək də siyasi idiotizmin təzahürüdür. 

İranın kimlər üçünsə cəlbedici görünməsinin əsas səbəblərindən biri Azərbaycanda liberal ideologiyanın iflasa uğraması ilə bağlıdır. Liberalizmlə bərabər Azərbaycanda Qərb dəyərləri də çökməyə başladı. Necə deyərlər, müqəddəs yer boş qalmır; bu dəfə də belə oldu. Qərbyönümlü siyasi qrupların iflası ilə yaranan boşluğu İslam təmayüllü mərkəzlər doldurmağa başladılar. Cəmiyyətdə İslam dəyərlərinin populyarlaşması siyasətə gəlmək arzusunda olan yeni müxalifətçilər qrupu üçün də başlıca amilə çevrildi. Hər bir siyasi qrup isə xarici dəstək axtarışında olur. Bu baxımdan, İran kimlər üçünsə üz tuta biləcəkləri ölkədir. Bu amil də Tehran - Bakı münasibətlərini gərginləşdirir. Lakin Azərbaycanda şiəliyin sıradan çıxarılması təkfirçi-radikal dini cərəyanların inkişafına səbəb olur. Bu ssenari daha təhlükəlidir. Yaxın Şərqdə baş verənlər də məhz belə radikal cərəyanların ənənəvi dini baxışları üstələməsindən sonra başladı. Hər halda düşünməyə dəyər...

İran nədən ehtiyat edir?

İran mediası iddia edir ki, Cənubi Azərbaycan İrandan ayrılaraq Azərbaycan Respublikasına birləşməsini istəyir və bu məsələ Tehran və Bakı arasında "ən həssas məsələlərdən biri" sayılır. Əgər ötən əsrin 90-cı illərində müstəqillik qazanandan sonra Şimali Azərbaycanda Cənubi Azərbaycan ilə birləşmək çağırışları səslənirdisə və "Cənubi Azərbaycan mövzusu" aktual idisə, son 30 ildə belə siyasi çağırışların azaldığı müşahidə olunur. 

Tehran bu məsələni qabartmaqla İranda yaşayan farsları yerli türklərə qarşı qaldırır və eyni zamanda sosial problemlərlə bağlı davam edən narazılıqlardan hədəfi yayındırır. Şübhəsiz ki, müstəqil Şimali Azərbaycanın güclənməsi istər-istəməz Cənubi Azərbaycanda oyanışa səbəb olacaq və Tehran rejiminə ən əsas təhdid də məhz budur.

İranda "yağ bal içində” yaşayan ermənilər

Ermənilər son 100 ildə İran siyasi həyatında fəal iştirak ediblər. Digər tərəfdən, İranda təxminən 30 minə qədər erməni yaşayır. İran erməniləri əsasən böyük şəhərlərdə - Tehran, İsfahan, Kirmanşah, Təbriz, Qəzvin, Həmədan, Xoy, Urmiya, Marağa və sairdə - və həmçinin qismən qəsəbə və kəndlərdə, eləcə də Culfa və Urmiyanın bir sıra ərazilərində yayılıblar. Hazırda İranda 12-si Culfada olmaqla ümumilikdə 120-dən artıq erməni kilsəsi mövcuddur. Bundan başqa 29 erməni orta məktəbi, eləcə də Tehran və İsfahan universitetlərində erməni dili - ədəbiyyatı fakültələri var. Tehranda ermənilərin klubları, ictimai qurumları və təşkilatları mövcuddur. 

İranda ən böyük xristian azlıq hesab olunan erməniər digər azlıqlarla nisbətdə ən yaxşı durumdadırlar. Avropada, xüsusən də Amerikada yerləşən erməni disaporu ilə İran erməniləri arasında ciddi əlaqələr mövcuddur. Bundan başqa, İranda erməni icmasının "Alik” (dalğa), "Araks” (bayraq) adlı qəzetləri və "Louys” (işıq) adlı jurnalları dərc edilir. İranda yerli erməniləri özündə birləşdirən Ararat İdman və Mədəniyyət Mərkəzi, Tasnak Təşkilatı, Kilsə Gənclik Təşkilatı, Erməni Tələbə və Gənclər Birliyi, Erməni Vəqfləri, Erməni Mədəniyyəti Dərnəyi kimi humanitar təşkilatlar mövcuddur. 

Ümumiyyətlə, Şərqdə ən böyük böyük erməni diasporlarından biri məhz İranda yerləşir. Bir sıra müşahidçilərə görə, xüsusən də Tehranda güclü olan erməni diasiporu İran hakimiyyətinə təsir göstərə bilir. 

44 günlük savaşda buxarlanan İran

1990-cı illərin əvvəllərində İranın Ermənistana açıq dəstək verməsi, Şuşanın işğalında Tehranın birbaşa rolunun olması, işğal olunmuş ərazilərdə daşların, dəmirlərin iranlı işbazlar tərəfindən daşınıb aparılması sübuta yetirilib. 44 günlük Vətən müharibəsi zamanı da İran Azərbaycanı narazı saldı. İran öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. 

İkinci Qarabağ savaşındakı mövqeyindən sonra İran Azərbaycanda olan əksər tərəfdarlarını itirdi. Lakin İran Azərbaycanın yaxın və böyük qonşularından biridir. Bu amili görməzdən gəlmək də imkansızdır. Bakı Tehranla münasibətləri qorumaqda maraqlıdır. Münasibətlər normallaşmalıdır. Lakin son savaşdakı davranışına görə ictimai rəydə İran etimadını itirib, onu bərpa etmək imkansızdır...
 
Azər Rəşidoğlu