İdman 09:14 03.09.2022

“Kəpəz”in cəzalı futbolçusu: “Hər şeyi bilsəydim, bu həyatın nə marağı olardı?”

"Kəpəz” hazırda ağır günlərini yaşayır. Cari mövsümdən Premyer Liqada iştirak hüququ qazansa da, komandaya hələ ki, doğma şəhərdə oynamaq qismət olmayıb. Bundan başqa komanda bir sıra ciddi itkilərlə üz-üzə qalıb. 

3-cü turda aparıcı futbolçulardan Rauf Əliyevlə Tural Axundov qırmızı vərəqə gördüsə, sonuncu oyunda Tural Rzayev də meydandan qovuldu. Bu da o deməkdir ki, "Kəpəz” qarşıdakı oyunlara itkilərlə çıxacaq. Sözügedən futbolçulardan isə Raufun cəzası daha ağır oldu. "Səbail”lə qarşılaşmada aqressivlik nümayiş etdirdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılan Əliyev rəqib baş məşqçi Mahmud Qurbanovla da anlaşmazlıq yaşadı. Nəticədə AFFA-nın İntizam Komitəsi son iclasında futbolçunu 5 oyunluq diskvalifikasiya etdi. Üstəlik klubunu da cərimələdi.

Əliyev cəzası ilə bağlı Qaynarinfo-ya fikirlərini bildirib. O, müsahibəsində "Kəpəz”in durumu və şəxsi karyerası haqda planlarından da danışıb.

- İntizam Komitəsinin belə ağır cəza qərarı verəcəyi sizin üçün nə dərcədə gözlənilən oldu?
- Bu qədər ağır olacağını gözləmirdim. Qərar çıxmamışdan əvvəl mətbuata açıqlama vermişdim ki, hakimləri təhqir etməmişəm. Hakimin özünə də bunu bildirmişdim. Hakim mənə demişdi ki, ola bilər, səhv başa düşmüşəm. Amma götürüb protokola qeyd edib. Düzünü desəm, belə ağır qərar gözləmirdim. Buna layiq olduğumu düşünmürəm. Doğru qərar deyil. Hakimi təhqir etmədiyim halda niyə mənə qırmızı vərəqə göstərdi? Düzdür, uca səslə söyüş söymüşəm. Amma heç kimin ünvanına təhqir deməmişəm. Oyunda da fikrimi bildirmişəm. Bu cəza mənə ikiqat zərbə oldu.

- Həmin aqressivliyinizin səbəbi nədən qaynaqlanırdı?
- İkinci hissədə "Səbail”in heyətində meydana müdafiəçi buraxdılar. O, iki dəfə topsuz vəziyyətdə məni vurdu. Dayandığım yerdə, görürdüm ki, əli ilə məni vurur. Həmin vaxt oyunun baş hakiminə iradımı bildirdim ki, VAR-a baxsınlar. Amma hakim fikir bildirmədi. Axırıncı epizodda topu ötürəndən sonra gəlib məni növbəti dəfə vurdu. Nəticədə özümdən çıxdım, hakimə dedim ki, hara baxırsınız. Heç bir futbolçu ilə mübahisə etmirdim. Qalanı da məlum məsələdir. 

- Adətən oyun zamanı müdafiəçilər rəqib hücumçuların qırmızı vərəqə görməsi üçün bilərəkdən belə yollara əl atırlar. Bunun psixoloji təzyiq ola biləcəyini düşünmədinizmi?
- Neçə illərdir oynayıram, xeyli legionerlərlə qarşılaşmışam, ilk dəfədir belə futbolçu görürdüm. Səviyyəsi olan futbolçu belə hərəkətə yol verməz. Məlum məsələdir, o məni özümdən çıxarmaq istəyirdi. Bəlkə də istəyinə nail oldu. Hakimə demişdim ki, buna nəzarət etsin.

- "Səbail”in baş məşqçisi Mahmud Qurbanovla aranızda nə baş vermişdi?
- Elə bu məsələnin davamı idi. Oldu, keçdi, bu haqda çox danışmışam, daha nəsə demək istəmirəm. 

- Maraqlıdır, onun hansı sözü xoşunuza gəlmədi?
- Heç nə demədi. Sadəcə hakim qırmızı vərəqə göstərmək fikrində deyildi. Ancaq Mahmud Qurbanov yaxınlaşıb hakimə demişdi ki, guya kimisə təhqir etmişəm. Halbuki belə olmayıb. Nə məşqçini, nə də hakimi söymüşəm. Mən də oyundan sonra ondan niyə belə etdiyini soruşdum. 

- Oyundan sonra Qurbanov bu məsələ ilə bağlı demişdi ki, Raufu "Səbail”də saxlamadığım üçün belə edib…
- Boş-boş söhbətlərdir. "Səbail”lə müqaviləm bitdi, daha yaxşı şərtlərlə "Kəpəz”ə keçdim. O, yəqin ki, vəziyyətdən çıxmaq üçün elə deyib. 

- Sizə "Səbail”də qalmaq təklif olunmadı? 
- Xeyr, danışığımız olmamışdı. Müqaviləm bitdi, qalıb orada işləmək mənə maraqlı deyildi. Bir çox şeylər eşitmişəm. Yaxşı ki, getməyə qərar vermişəm.

- "Səbail”dən ayrılmamışdan əvvəl Qurbanovla söhbətiniz olmuşdu?
- Xeyr, heç vaxt söhbətimiz olmamışdı. Ümumiyyətlə, heç bir klubun məşqçisi ilə məni komandada saxlayıb-saxlamamaları barədə söhbətim olmayıb.

- "Səbail”lə oyundan sonra Qurbanovla söhbətiniz oldu?
- Xeyr, olmadı, buna ehtiyac da görmürəm. 

- "Kəpəz”in durumu ilə bağlı nə düşünürsünüz?
- Son anda formalaşan komandadır. Çətinliklər olacaq. Bu gün əziyyət çəkirik. Nəticə göstərmək asan deyil. Mən bir neçə oyunda olmayacam. Baş məşqçimiz istefa verdi. Bir növ məşqçi problemimiz də var. Hər şey üst-üstə düşüb. Ən böyük problem də doğma meydanda oynaya blməməyimizdir. Hansı ki, öz meydanımızda nəticələr verəcəyimizə ümid edirdik. 

- Təcrübəli futbolçu kimi komandanın heyəti haqda fikirləriniz necədir?
- Heyət kasaddır. Qısaca deyə bilərəm ki, problemlər çoxdur.

- "Kəpəz”ə gələndə belə çətinliklərin yaranacağını düşünürdüz? Ümumiyyətlə, sizə nə söz vermişdilər?
- Ən böyük problemimiz meydan amilidir. Bunu isə əvvəlcədən gözləmirdik. Doğma meydanda istənilən komandadan xal ala biləcəyimizə əmin idik. Didərgin düşmüşük. Yollarda oluruq, Gəncə, Bakı… Əlbəttə çətindir, çünki az məsafə deyil. Ən azı 4-5 saat yol gedirik. Bu da böyük problemə çevrilir.

- Komanda yoldaşınız Əfran İsmayılov bir dəfə müsahibəsində bildirmişdi ki, sizə görə "Kəpəz”ə gəlib…
- Əfran zarafatla belə fikir söyləmişdi. Həmin müsahibəni yanımda vermişdi. Yəni, yanımda olduğuna görə belə demişdi. Uzun illərdir, demək olar, uşaqlıqdan birlikdəyik (gülür). 

- Karyeranızla bağlı nə düşünürsünüz?
- Vallah, hazırda cəzamı, bundan sonrakı oyunları fikirləşirəm. Hələ ki, başqa fikrim yoxdur.

- Hər halda az yaşınız yoxdur. Nəsə fikriniz olmalıdır?
- Açığı, gələcək haqda plan qurmamışam. Futbol sahəsində qalmaq istəyirəm. Amma bu gün futbolu, oynamağı düşünürəm.

- Özünüzdə məşqçi olmaq potensialı görürsünüz?
- Bu haqda da düşünməmişəm (gülür).

- Bundan sonra daha neçə il oynamaq fikrindəsiniz?
- Qismətdir, vallah, bilmirəm. Hər şeyi bilsəydim, daha bu həyatın nə marağı olardı? Fiziki durumum normaldır. Məşq baxımından da problem yoxdur.

Səbuhi Həsənov