Dünya 13:12 17.08.2022

Kikabidze konsertdən əldə etdiyi gəliri Ukraynaya bağışladı, özü isə Bakıdadır

Əfsanəvi gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze yubiley konsertindən əldə etdiyi bütün gəliri Ukrayna Silahlı Qüvvələrinə kömək etmək üçün xərcləyib.

Qaynarinfo bu barədə Newsgeorgia.ge-yə istinadla xəbər verir.

İyulun 19-da Batumidə Kikabidzenin 84 illik yubileyi şərəfinə konsert keçirilib. Xeyriyyə şousu anşlaqla keçib və Ukraynaya həsr olunub.

Bu ərəfədə məlum olub ki, Kikabidzenin hədiyyəsi - hərbçilər üçün quru yeməklərlə dolu bir mikroavtobus artıq Ukraynaya çatdırılıb.

Ruslan Qorbenko, Vladlen Neklyudov, Aleksandr Fedenko və Maks Tkaçenko göstərdiyi köməyə görə Vaxtanq Kikabidzeyə təşəkkür edərək mikroavtobusu 26 saylı artilleriya briqadasına təhvil verəcəklərini deyiblər.

Saytın yazdığına görə, Kikabidze özü isə bir gün əvvəl Bakıda olub - onu Müslüm Maqomayevin abidəsinin açılışına dəvət ediblər. Gürcü müğənni Azərbaycanın paytaxtında konsert proqramı ilə çıxış edəcək. Yaxın vaxtlarda Kikabidze Ukraynada da konsert verməyi planlaşdırır.

"Ukraynalılar çox cəsarətli xalqdır. Rus dilində çox yaxşı proqramım var. Onu ifa etmək istəyəndə Ukraynaya gedirəm”, - Kikabidze "Mtavari” telekanalına müsahibəsində deyib.
 
Alpər