Dünya 16:58 24.05.2022

Kissincer: Ukrayna savaşın bitməsi üçün torpaqlarını Rusiyaya verməlidir

Henri Kissincer deyib ki, Ukrayna sülh danışıqlarında ərazilərini Rusiyaya verməyə hazır olmalıdır.

Qaynarinfo "Businessinsider” saytına istinadla xəbər verir ki, bu barədə o Davos forumunda çıxışında deyib

Henri Kissincer bildirib ki, Ukrayna müharibəni dayandırmaq üçün ərazilərini Rusiyaya verməlidir və Qərbə xəbərdarlıq edib ki, Rusiyanın alçaldıcı məğlubiyyəti sabitliyin daha geniş miqyasda pozulması ilə nəticələnə bilər.

"Danışıqlar asanlıqla aradan qaldırılmayacaq təlatümlər və gərginliklər yaratmadan yaxın iki ay ərzində başlamalıdır. İdeal olaraq, ayırıcı xətt status-kvo vəziyyətinə qayıdış olmalıdır", - Kissincer bildirib.

"Ümid edirəm ki, ukraynalılar göstərdikləri qəhrəmanlıqları müdrikliklə uyğunlaşdıracaqlar", - deyən keçmiş dövlət katibi Ukrayna üçün uyğun yerin Avropanın tam inteqrasiya olunmuş bir hissəsi deyil, neytral bufer dövlət olduğunu deyib.

Kissincerin şərhi o deməkdir ki, Ukrayna sülh sazişi üçün Rusiyanın rəsmi olaraq Krım yarımadasına və qeyri-rəsmi Ukraynanın şərqindəki Donetsk bölgəsinin bir hissəsinə nəzarət etdiyi fevralın 24-nə olan vəziyyəti qəbul etməlidir. 

Kissincer öz çıxışında bildirib ki, Rusiya 400 il ərzində Avropanın vacib hissəsi olub, həlledici anlarda güc strukturunun tarazlaşdırılmasına kömək edib, The Telegraph yazır.

O, Qərbin Rusiyanı Çinlə yaxın müttəfiqliyə getməsinə imkan verməməli olduğunu bildirib. 

Qeyd edək ki, keçən həftə New York Times qəzetinin redaksiyası da Ukraynanın sülh razılaşması üçün ərazi güzəştlərinə getməli olduğunu iddia edən məqalə ilə çıxış edib. 

Nurlan Hüseynov