Ölkə 12:27 26.08.2022

Laçında azad sahibkarlığın təşviqi üçün hansı işlər həyata keçirilməlidir?

 

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Avqust ayının 26-sı Azərbaycan xalqı 30 ildən sonra Laçın rayonuna qayıtdı. Azərbaycanın Ordusu artıq Laçın rayonunda yerləşib, Zabux və Sus kəndləri nəzarətə götürülüb.

Qarşıdakı illərdə Laçın rayonuna böyük qayıdış başlayacacaq. Bu qayıdışın əsası isə azad sahibkarlığın inkişafından keçir. Laçında azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üçün necə bir siyasət həyata keçirilməlidir? Bundan əlavə, sahibkarların bu rayona marağının artırılması istiqamətində hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında Laçın rayonunun iqtisadi cəhətdən böyük potensiala malik bölgələrdən hesab olunduğunu deyib:
 


"Bir tərəfdən turizm potensialı var, digər tərəfdən aqrar, eləcə də sənaye sektorunda xüsusi imkanları olan rayonlardandır Laçın. Çünki təbii ehtiyyatları çoxdur. Bu da imkan verir ki, emaledici qolları üzrə istehsalı təşkil etmək mümkün olsun. Ümumiyyətlə, işğaldan azad olunan rayonlarla bağlı kifayət qədər geniş miqyaslı vergi güzəştləri tətbiq olunacaq. Hətta sosial haqlarda belə subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulub. Ona görə də Laçın daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən siyasət kifayət qədər liberal olacaq. Çünki məqsəd daha çox yerli və xarici investisiyanın cəlb ediləsinə nail olmaqdan ibarətdir. Bir tərəfdən güzəştlər, digər tərəfdən subsidiya mexanizmi, eyni zamanda növbəti mərhələdə bu istiqamətə yönəldilən güzəştli kreditlərin həcmində də kəskin artımlar gözlənilir. Nəticədə rayonlarımızı, xüsusən də Laçın rayonuna daha çox investisiyanın cəlb olunması gölənilir. Bu baxımdan həm Laçının potensialı, həm də infrastruktunun yenidən qurulması, hava limanının inşası edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyindən xəbər verir və gözlənilir ki, Laçında məskunlaşma, yəni böyük qayıdış prosesinin başlanması ilə biz pararlel olaraq Laçın iqtisadiyyatının inkişafını müşahidə edəcəyik. Birmənalı şəkildə Laçında da sərmayədən iş adamları həmin güzəştlərdən tam olaraq faydalanacaqlar”.

İqtisadçı ekspert Vahid Məhərrəmov isə hesab edir ki, azad sahibkarlığın inkişafı üçün işğaldan azad olunan torpaqlara ilk öncə orada daimi yaşayacaq vətəndaşların köçürülməsi təmin edilməlidir:



"Hara ki, minalardan təmizlənib ora insanlar köçürülməlidir. İnsanların işlə məşğul olması, biznes qurması təsərrüfat, müəssislər yaratması üçün bir şərait olmalıdır. Belə olanda insanlar sahibkarlıqla məşğul olacaqlar və iqtisadiyyat inkişaf edəcək, insanlar öz üzərində çalışacaqlar, mövcud olan problemləri həll edəcəklər. Ancaq Bakıda oturub, Laçında şirkət qurmaq, fermer təsərrüfatı yaratmaq, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal etmək alınmayacaq. Baxın, bu yaxınlarda İlham Əliyev çıxışında bildirib ki, orada 50 min hektara yaxın ərazidə taxıl əkimi həyata keçirdik, amma hər hektardan orta hesabla bir tona yaxın taxıl götürdük. Bu o deməkdir ki, torpaqlarda ümumiyyətlə, əkin işi aparmasalar, daha yaxşı olardı. Bu o deməkdir ki, onlar orada əkin əkiblər, amma çəkilən xərcin yarısını belə götürməyiblər”.

Vahid Məhərrəmov deyir ki, taxılçılığın öz qanunları var:

"Qoyulan xərçi götürmək üçün ən azı dəmyə şəraitində hektardan ən azı ton yarım məhsul əldə etmək lazımdır, suvarılan sahədə isə iki ton. Birincisi, görünən odur ki, bu işi bilməyən adamlar məşğul olur. İkincisi, orada yaşamayan adamlar məşğul olur, ora onların torpağı deyil. Oraya yalnız həmin torpaqlarda yaşayan adamlar sahib çıxa bilər. Torpaqları münbitləşdirmək, aqrotexniki qaydalara riayət etmək lazımdır, bundan başqa, harada suvarma işləri aparılacağını onlar daha yaxşı bilir. Bütün bu işlər hamısı görünməlidir. Laçında yaşayan vətəndaşlar orada əsaslı bir biznes qura biləcəklər. Artıq orada iş gedir. Bəziləri öz başına əkin, fermer işləri aparırlar. Onlar gələcək üçün Laçında görüləcək işləri bəri başdan bərbad hala salıblar”.

Ekspert Azərbaycanın özü-özünü ərzaq buğdası ilə təmin etməsi üçün bir ilin yetərli olduğunu vurğulayıb:

"Payızda əkin işləri həyata keçirilir, may-iyun aylarında məhsul əldə etmək olar. Bu müddət ərzində lazımı aqrotexniki qaydalara əməl olunsa, hər hektardan ölkə üzrə 60 sentner, bir ton deyil, 6 tondan çox məhsul əldə etmək olar. Ancaq onlar vəd verir. Ona görə vəd verirlər ki, onların hər biri şəhərdə böyüyən, kənd təsərrüfatından uzaq olan adamlardır. Bunlar bir-birinə göstəriş verirlər, dövlət vəsaitindən istifadə edirlər. İşğaldan azad olunan torpaqlarda böyük işlər görmək olar. Ancaq bu işləri orada vaxtıyla yaşayan və torpaqlara bələd olunanlar etməlidir. Yaxşı olar ki, həmin ərazilərə dərhal insanları köçürsünlər. İki ilə yaxındır ki, ərazilər boşalıb, amma insanların ora köçürülməsinə başlanılmayıb. İnsanlar köçməli, məskunlaşmalı və orada əkin işləri aparmalıdır. Onların hər birinə pay torpaqları verilməlidir. Şəhərdə yaşayan kəndlərlə əlaqəsi olmayan adamlar ora buraxılmamlıdır. Elə adamlar var ki, əllərində vəsaitləri var, onlar Laçında və ya başqa rayonlarda yaşayanların, yəni yerli əhalinin pay torpaqlarını əllərindən ala bilərlər. Ən acınacaqlısı isə onlar sonradan həmin torpaqları bərbad hala sala bilərlər. Ona görə də çörək çörəkçiyə verilməlidir”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.