Dünya 12:11 07.07.2022

Makron Putinlə şəxsi telefon danışığını sızdırmaqda ittiham olunur - Detallar

Fransa prezident Makron Rusiya prezidenti Putinlə şəxsi söhbəti sızdırdığına görə "diplomatik etiketi” pozmaqda ittiham olunur.

Qaynarinfo skynews.com.au-ya istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı işğala başlamazdan bir neçə gün əvvəl prezident Emmanuel Makronla həmkarı Vladimir Putinin şəxsi söhbətini yayımlayan sənədli filmdən sonra Fransanı "diplomatik etiket”i pozduğuna görə tənqid edib.

Fransanın "Frans 2" yayım şirkəti Rusiyanın Ukraynanı işğal etməsindən cəmi dörd gün əvvəl, iddiaya görə, fevralın 20-də iki lider arasında gedən qızğın fikir mübadiləsini göstərən "Prezident, Avropa və Müharibə" sənədli filmini yayımlayıb.

Lavrov çərşənbə günü vyetnamlı həmkarı ilə çıxışı zamanı sənədli filmi tənqid edərək, sızdırılan söhbəti "birtərəfli” adlandırıb.

"Prinsipcə, biz elə danışıqlar aparırıq ki, heç vaxt utanmayaq. Biz həmişə düşündüklərimizi deyirik və sözlərimizə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq”, - deyə XİN rəhbəri bildirib. Bu haqda Daily Mail yazır.

"Diplomatik etiketə görə, belə qeydlərin birtərəfli sızdırılması yolverilməzdir",- o deyib.

Sızdırılan müzakirə Makronun Putinin diplomatik yolla seçilmiş rəsmilərlə deyil, Ukrayna separatçı qrupları ilə danışıqlar aparmaq qərarına etiraz etdiyini göstərib. 

"Hüquqşünaslarınızın qanunu haradan öyrəndiyini bilmirəm!" - News.com.au xəbər verir ki, bunu Makron Putinə deyib.

"Ukrayna qanunları ilə bağlı təklifləri verəcək şəxslər separatçı deyil”,- Makron deyib.

Putin "Əlbəttə, biz vəziyyəti tamamilə fərqli görürük” deyə cavab verib.

Cütlük Rusiyanın kiminlə danışıqlar aparması barədə mübahisə etməyə davam etdikcə söhbət daha da gərginləşib.

"Mən bilmirəm, hansı hüquqşünas sizə deyə bilər ki, suveren ölkədə qanunların mətnləri demokratik yolla seçilmiş hakimiyyətlər tərəfindən deyil, separatçı qruplar tərəfindən təklif olunur”, - Putin deyib.

Prezident Putin daha sonra qərbyönlü demokratik liderləri hakimiyyətə gətirən 2014-cü ildə Maydan etirazlarından danışmağa başlayıb.

"Bu, demokratik yolla seçilmiş hökumət deyil! Onlar hakimiyyətə çevrilişlə gəldilər, insanlar diri-diri yandırıldı, ortalıq qan gölünə döndü və buna cavabdehlərdən biri də Zelenskidir”,- Putin cavabında deyib. 

Makron gərginliyi azaltmaq və NATO və Ukrayna məsələsini çox aydın şəkildə müzakirə etmək üçün Cenevrədə Putin və ABŞ prezidenti Co Bayden ilə görüş təşkil etməyə söz verib. 

Rusiya lideri "prinsipcə" razılaşıb, lakin əlavə müzakirə üçün bunun prezidentlərin məsləhətçiləri ilə nəzərdən keçiriləcəyini bildirib.

"Yaxşı, siz mənə prinsiplə razılaşdığınızı təsdiqləyirsiz. Mən təklif edirəm ki, komandalarımız bu zəngin sonunda birgə mətn, bir növ press-reliz hazırlamağa çalışsınlar”, - prezident Makron bildirib.

"Düzünü desəm, mən buz xokkeyi oynamağa getmək istəyirdim, çünki sizinlə burada idman zalından, fiziki məşqlər qabağı danışıram. Əvvəlcə öz müşavirlərimə zəng edəcəyəm”, - deyə Putin cavab verib.

Cütlüyün danışıqlarını prinsipial razılaşma ilə bitirməsinə baxmayaraq, ertəsi gün Putin qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının suverenliyini tanıması və üç gün sonra Ukraynanı işğala başlaması iki ölkə arasında diplomatik əlaqələri kəsmiş olub.

Nurlan Hüseynov