Dünya 14:42 24.05.2022

Navalnı Ukrayna haqda: “Mən bilmirəm, Putin bununla nə etmək istəyir” (FOTO)

Həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnı Putini Ukraynada yalanlara əsaslanan "axmaq müharibə” başlatmış dəli adlandırıb.

Qaynarinfo bu haqda "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.

Çərşənbə axşamı Navalnı Moskvadakı apelyasiya məhkəməsində islah koloniyasından məhkəmə iclasına videobağlantı vasitəsilə canlı yayımda qoşulub.

"Bu, sizin Putininizin başladığı axmaq müharibədir. Bu müharibə yalanlar üzərində qurulub”,- o iclasda deyib.

Rusiyanın indiyədək ən tanınmış müxalifət lideri olan Navalnı mart ayında fırıldaqçılıq və məhkəməyə hörmətsizlik ittihamı ilə çıxarılan doqquz illik həbs cəzasına qarşı apellyasiya şikayəti verib. O, özünə qarşı irəli sürülən bütün ittihamları rədd edir və bunun özünün siyasi ambisiyalarına mane olmaq üçün uydurulduğunu deyir.

İclas zamanı hakim dəfələrlə Navalnının çıxışını yarımçıq kəsib. Navalnı isə hakimin faktlarının Putinin danışdığı yalanların eynisi olduğunu deyib. 

"Nəyə nail olmaq istəyirsiniz - qısamüddətli nəzarətə, gələcək nəsillərlə döyüşmək, Rusiyanın gələcəyi üçün mübarizə aparmaq istəyirsiniz? Hamınız tarixi məğlubiyyətlə üzləşəcəksiniz", - o deyib.

Navalnı deyib ki, Putin Rusiyasını rus xalqının düşməninə çevrilmiş oğrular və cinayətkarlar idarə edir.

"Bir dəli oğru Ukraynaya caynaqlarını keçirib və mən bilmirəm o, bununla nə etmək istəyir”,- Navalnı deyib.

Nurlan Hüseynov