Ölkə 12:23 06.07.2022

Naxçıvan – Türkiyə sərhədi niyə bağlandı? (ŞƏRH)

"AZAL biletini satsın, monopolistlər varlansın deyə, insanlarımız üzərində belə eksperimentlər aparmaq düzgün deyil. Bu addım yalnız bir qrup məmurun, monopolistin varlanmaq cəhdindən başqa bir şey deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Ulusoy Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanmasına münasibət bildirərkən deyib:
 
"Naxçıvanın vəziyyəti elədir ki, onun əhalisinə əlavə güzəştlər edilməlidir. Çünki ərazi blokadadadır. İnsanlar istehsal etdiyi məhsulu heç yerə çıxara bilmir. Bu isə sosial vəziyyətə pis təsir edir. Ona görə də əslində buranın sakinlərinə əlavə dəstək verilməlidir ki, insanlar istehsal etdiyi məhsulu kənara çıxarıb, qazanc əldə edə bilsin. Mövcud vəziyyətdə isə insanlar artıq məhsul istehsalını da dayandırmalı olacaq. Bir çox naxçıvanlı Türkiyəyə gedib işləyir. Həmçinin, oradan müəyyən qədər ucuz qiymətə məhsul alıb gətirir. Bu da onların vəziyyətinə müəyyən qədər təsir edirdi. Rusiyadakı məlum səbəblərdən sonra oradan Azərbaycana pul axını xeyli azalıb. Amma Türkiyədən gələn pullarla bağlı bu hal müşahidə edilmir. Quru sərhədinin bağlanması, biletlərin bahalaşması və Naxçıvana gedişin məhdudlaşması ilə bağlı prosesə cavabdeh rəhbər işçilər ağlabatan açıqlama ilə çıxış etməyiblər”.

Partiya lideri qeyd edir ki, dövlətin işi insanlar üçün məmnunluq yaratmaqdır, onlara çətinlik yaratmaq deyil:
 
"Quru  sərhədlərin bağlanması məntiqsiz, əhalinin sosial vəziyyətinə pis təsir edən, onun dövlətə münasibətində soyuq münasibətin yaranmasına gətirib çıxaran amildir. Bir qrup bürokrat, monopolist öz şəxsi marağı naminə əhali ilə dövlət arasındakı qarşılıqlı himayə mexanizmini pozmalı deyillər. Ona görə də məsələyə ağlabatan cavab verməli, quru sərhədləri açmalıdırlar”. 

Rüfət Sultan