Siyasət 12:49 07.07.2022

Nazarbayev hakimiyyətə qayıda bilərmi? - ŞƏRH

Belarus mətbuatının yazdığına görə, bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub. Lukaşenko Nursultan Nazarbayevi ad günü münasibət ilə təbrik edib.
 
Eyni zamanda, Lukaşenko eks-prezidentlə siyasi məsələləri, postsovet məkanındakı vəziyyəti də müzakirə edib. Qeyd edək ki, Qazaxıstanda bu ilin yanvarında baş verən olaylardan sonra Nazarbayevin mövqeləri xeyli dərəcədə zəifləyib. Həmin dövrdə Nazarbayev demək olar ki, küncə sıxışdırılmışdı. Onun bir çox yaxın qohumları yüksək vəzifələrdən uzaqlaşdırılıblar. Hətta bəziləri istintaq altındadır. Bununla belə, görünən odur ki, hələ də bəzi ölkə liderləri heç bir post tutmayan Nazarbayevlə yenə də müxtəlif məsələləri müzakirə etməkdə davam edirlər. Bu fonda belə fikirlər dolaşır ki, Nazarbayev yenidən hakimiyyətə qayıda bilər.

Bu, mümkündürmü? 

Məsələ barədə Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə Nazarbayevin yenidən hakimiyyət olimpinə qayıdacağını düşünmür:
 
"Bu mümkün deyil. Amma bununla belə onun böyük siyasi təcrübəsi var. Həm də cəmiyyətdə, dünyada böyük hörmətə malik şəxsiyyətdir. Ona görə ara-sıra bir sıra ölkə rəhbərləri onunla da danışmaqda davam edirlər. Burada heç bir qəribə hadisə yoxdur. Normal haldır. Belə təmasları təbii qəbul etməliyik. Amma hakimiyyətə qayıtması ehtimalı yox dərəcəsindədir. Yaşlı və xəstə adamdır. İmkanı olsaydı, hakimiyyətdə qalardı. Mütləq hakim idi, bütün dövlət əlində idi”. 

Rüfət Sultan