Ekonomiks 13:01 27.09.2022

Neft ucuzlaşır, Azərbaycanı nə gözləyir? - Ekspert

Son günlər dünya miqyasında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb. Son hərraclarda Azərbaycan neftinin qiyməti 85 dollar civarında olub. Halbuki, bir müddət əvvəl bu qiymət 100 dollara yaxın idi. İndi isə müəyyən müddətdir ki, neftin qiyməti prosesində azalma tendensiyası müşahidə edilir. 

Neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir edirmi? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban qeyd edir ki, neftin qiymətinin aşağı düşməsi istər-istəməz gəlirlərimizin azalmasına gətirib çıxarır. Amma bütün hallarda mövcud qiymətlər də çəkilən xərcdən yüksəkdir:



"Azərbaycan gündəlik təxminən 700 min barrel neft hasil edir. Onun 120 min barreli daxili bazarın tələbatını ödəmək üçündür. Deməli, 570-580  min barrel həcmində neft isə ixrac edilir. İndi qiymətlər təxminən 85 dollara düşüb. Əvvəlki günlər isə bundan bir qədər baha idi. Azərbaycan üçün əslində neftin qiyməti nə qədər baha olsa, gəlirlərin artması baxımından bir o qədər yaxşıdır. İndi qiymət bir qədər aşağı düşübsə, deməli, gəlirlərimiz də əvvəlki günlərdə olduğu qədər artmır. Amma keçən illə müqayisədə neftin qiyməti hesabına gəlirlərimiz 50 faizə qədər artıb. Çünki ötən il neftin orta ixrac qiyməti 70 dollar ətrafında idisə, cari ilin 8 ayının nəticəsinə görə, orta qiymət 100 dollar civarındadır. 

Azərbaycan neftinin 90 faizi "Azəri-Çıraq-Günəşli" yatağının hesabına həyata keçirilir. Həmin neft Çeyhan limanında təhvil verilərkən bir barrel neftin bütün xərci hardasa 12 dollar ətrafındadır. Bu isə o deməkdir ki, neftin qiyməti 15 dollara başa gələndə belə Azərbaycan ziyana işləmir”. 

Rüfət Sultan