Ekonomiks 11:32 16.08.2022

Neftin qiymətindəki azalmalar nə ilə bağlıdır? (ŞƏRH)

"Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilir. Son aylar bir bareli 100 dollardan yüksək təklif edilən "qara qızıl” indi 94 dollardan ucuz satılır. Son 1 ayda neftin qiyməti 13 faizə yaxın düşüb”.

 

Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neftin qiymətindəki azalmalar daha çox qlobal iqtisadiyyatda müşahidə olunan durğunluq ilə bağlıdır:

 


 

"Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır. Xüsusən də Çin iqtisadiyyatının azalacağı ilə bağlı gözləntilər bazara birbaşa təsir göstərməkdədir. Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır”.


Deputatın fikirincə, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir:


"Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir”.

 

Bahar Rüstəmli