Dünya 12:25 08.08.2022

"Nüvə qarşıdurması riski onilliklərdən sonra geri qayıdır" - Baş katib

BMT-nin baş katibi Antoniu Quterreş nüvə münaqişəsinin baş verməsi barədə xəbərdarlıq edib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Antoniu Quterreş Atom Elektrik Stansiyalarına hücumların intihar aktı olduğunu bildirib və Beynəlxalq Atom Enerjisi Agentliyinin Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına daxil olmaq üçün  bu stansiyanın ətrafında hərbi əməliyyatları dayandırmağa çağırıb. 

Quterreş bu gün Yaponiyanın paytaxtı Tokioda keçirdiyi mətbuat konfransında, Zaporojye AES-ə hücumun dayandırılacağına ümid etdiyini bildirib.

"Nüvə qarşıdurması riski onilliklərdən sonra geri qayıdır", deyə baş katib bildirib.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır və ötən cümə günündən bəri hərbi hücumlara məruz qalır, Rusiya və Ukrayna bu hücumları həyata keçirməkdə bir-birini ittiham edir.

Ötən həftədən bəri BMT-nin baş katibi davamlı olaraq nüvə stansiyalarına qarşı hərbi əməliyyatların bəşəriyyət üçün yaratdığı təhlükələr barədə xəbərdarlıq edir.

QuterreŞ Çin və ABŞ arasında Tayvanla bağlı gərginliyə də toxunub və bu məsələnin həssaslığını ifadə edərək,  böhranın nəzarət altına alınması və gərginliyin azaldılmasına çağırışı edib.

M.Arif