Ölkə 11:34 03.05.2022

Özünü qazi kimi təqdim edən dilənçini hansı cəza gözləyir? - Vəkil

 

"Onu ən yüngül halda cərimə, ən ağır halda iki ilədək azadlıqdan məhrum etmək olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov daha çox qazanc əldə etmək məqsədilə hərbi geyimdə, əlil arabasında dilənçilik edən şəxsdən danışarkən deyib. Vəkilin fikirincə, bu hadisədə dələduzluğun elementləri, yəni aldatma faktı var:

"Bu şəxs Cinayət Məcəlləsinin 178 maddəsinə əsasən, "etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə" görə məsuliyyət məsuliyyət. Böyük dələduzluq deyil, məsuliyyəti Cinayət Məcəlləsinin 178.1 maddəsinə görə, 1000 manatdan 2 min manata kimi cərimə, 360-480 saata kimi ictimai işlərə cəlb olunma və ya iki ilədək islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Göründüyü kimi, qanun burada kifayət qədər alternativ qoyur. Ən yüngül halda cərimə, ən ağır halda iki ilədək azadlıqdan məhrumetmək olar”.

Vəkil burada başqa məqamların olduğunu vurğulayıb:

"Məqsəd yalnız əmlakının ələ keçirilməsi deyil, qazilərin ictimaiyyətin önündə mövqeyinin kiçildilməsidir. Yəni, qazi dilənçilik edir, bu bir növ dövlətə qarşıdır. Elə təqdim edir ki, "dövlət qazilərin qeydinə qalmır, görürsünüz nə gündədir və s.". Bu baxımdan, bunu adi cinayət hesab etmirəm və məncə həmin şəxs çox sərt formada cəzalandırılmalıdır”.

Qeyd edək ki, paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə, əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox qazanc əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Bahar Rüstəmli